Xalq artisti Vaqif Əsədov: “İstərdim ki, teatr sahəsi ayrı bir modelin arxasınca getdiyi istiqamətdən geri dönüb öz yoluna, estetikasına, poetikasına qayıtsın...”

 

Müraciət etdiyi hər bir mövzunu özünəməxsus şəkildə, çağdaş tamaşaçını təsirləndirən formada quran tanınmış rejissor, Xalq artisti Vaqif Əsədov bu ay 75 illik yubileyini qeyd edir. Yubilyar sənətkarla danışıb görüş yerini təyin edəndə İçərişəhərə, hazırda çalışdığı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə gəlməyimizi təklif etdi.

Yaradıcılıq mərkəzinə daxil olub, buradakı pozitiv ab-havanı görəndə ilk sözüm “Vaqif müəllim, nə gözəl yerdə məkan eyləmisiz” olacaqdı. Lakin həmsöhbətimin özünəməxsus yumoru, fikirləri və yanaşması ilə söz bizi, biz də sözü tutub uzaqlara getdik...

 

–  2019-cu ildə, “Nəsimi İli”ndə bu mərkəzdə tamaşa hazırladım, elə o vaxtdan buradayam. Bu ocaq mənə çox doğma gəlir, özümü rahat hiss edirəm. Burada ənənəvi teatrdan qaça bilirsən, daha çox sərbəstlik var, müxtəlif formalarda işləmək mümkündür. Adi bir poeziya gecəsini biz tamaşaya çevirə bilirik. Amma eyni zamanda çətinlikləri də var. Gərək elə seçim edəsən ki, düz olsun. Boynuma alıram, bəzən bir işi başlayırsan, görürsən səhv yoldasan, tez qayıdırsan...

 

– Vaqif Əsədov bu yaşında, bu peşəkarlıqla seçimində səhv edə bilirmi?

– Əlbəttə olur. Teatrın çox vacib bir sirri var. Mən bunu dəfələrlə vurğulamışam. Bizim bir xalq, millət kimi özümüzün canımızda olan teatr rüşeymi ki var, bax o rüşeymlə gedirsən o dövrə və baxıb görürsən ki, sözün əsl mənasında, orada teatr deyilən bir anlayışın dolğun variantı yaşayırmış. Biz indi onun adına meydan teatrı deyirik. Yəni teatr bir oyundur. Amma bu oyun zamanın özü qədər ciddi bir oyundur. Bu oyunu saxlamaq və yaşatmaq üçün gərək daim özünə deyəsən ki, sən teatrdasan. Bəzən reallıq adamı aparır və bu təbiidir. Gedirsən o reallığın arxasınca və sevindirici haldır ki, yarı yolda sən bu reallığı anlayıb geri dönürsən.

 

– Deyirsiniz ki, teatr ciddi bir oyundur. Teatr daha ciddi oyundur, yoxsa həyat?

– Həyatın öz həqiqətləri var. O, gözlənilməzlikləri ilə hazır olmadığın hadisələrə səni tuş edir. Qəfildən bu ciddiliklə üz-üzə qalıb nə edəcəyini bilmirsən. Teatrda isə bir az fərqlidir. Teatrda sən başına gələcəyindən xəbərdarsan, amma bunu o qədər məharətlə oynamalısan, bu oyunu bütün səmimiliyi ilə elə qəbul etməlisən ki, sənə baxan tamaşaçı bunun, həqiqətən də, indi baş verdiyinə, sənin bu situasiyaya indi düşdüyünə inana bilsin. İndi özünüz deyin, bunun hansı daha çətindir? Yaşantı baxımından həyat daha ağırdır. Oynayıb, yaşamaq baxımından isə teatr daha çətindir. Bilirsiniz, tamaşaçı pul ödəyib gəlir teatra və bilir ki, oradakı aktyor Vaqifdir, Həsəndir. Bilir ki, həmin əsəri filan yazıçı yazıb, hadisəni də bilir. Amma onun təskinliyə ehtiyacı var. İnsan bütün bunları bilə-bilə öz daxili çırpıntılarını bu qəhrəmanlarla bölüşür və bir az təsəlli tapır. Düşünür ki, hər halda mənim vəziyyətim Aydının halından daha yaxşıdır. İnsanın teatra doğuluşundan ehtiyacı var. Olmasaydı, o, musiqini, teatrı, rəssamlığı yaratmazdı. Bu mənada deyirlər ki, Tanrı öz yaratmaq qabiliyyətindən bir az da insana verib. Məncə, bir az yox, daha çox verib.

 

– İnsan və həyat həqiqətlərindən danışdınız. Bəs bugünkü teatrın həqiqəti nələrdir?

– Ağrılı sualdır. Mən ömrümün böyük hissəsini teatra həsr etmişəm. Mənim kimi yüzlərlə insan. Ömrünü həsr etdiyin sənətin ağır xəstə olduğunu görəndə ona necə yanaşa bilərsən. Başa düşürəm ki, həyat belədir: eniş-yoxuşlu, tənəzzüllü, yüksəlişli. Teatrda da belə olur. Amma çox istərdim ki, bu sahə dərin, savadlı şəkildə qurulsun. Ayrı bir modelin arxasınca getdiyi yoldan geri dönüb öz yoluna, öz estetikasına, öz poetikasına qayıtsın. Bunun üçün köklü iş görmək lazımdır. Bəzən düşünürlər ki, mən çox sayda teatrın olmasının əleyhinəyəm. Yox, teatrın hər şəhərdə, hər rayonda olması daha yaxşıdır. Ancaq onun həyat tərzi tamam başqa olmalıdır. Qonşudakı kostyumun eynisini geyinməyin nə mənası var ki. Məsələn, Şəki başdan-ayağa yumordur. Şəkililər bu yumorla yaşayır. Deməli, orada satira, yumor teatrı olmalıdır. Qazaxın sağı-solu aşıq, ozan sənətidir: Borçalıdan Kəlbəcərə, Göyçədən Gədəbəyə qədər. Orada standart dram teatrının nə mənası var. Şuşa bir muğamdır. Heç bilirsiniz ki, adi “Segah”ın içərisində neçə dram hadisəsi var. Hər bir hadisə də bir tamaşanın fabulasıdır. Burada adi bir teatrın nə mənası var. Şuşada məhz muğam teatrı yaratmaq lazımdır. Bir sözlə, teatr yaşamalıdır. Bu gün bizim artıq imkanımız var ki, milli mənəviyyatımızın kökünə söykənən teatr mədəniyyətini davam etdirək. Bütün sadaladıqlarımız olandan sonra biz Azərbaycan teatrı deyə biləcəyik. Dövlət pul da verir, maaş da. Ancaq görüləcək işlər çoxdur və bunları həyata keçirmək üçün vaxt tələb olunur. Nə vaxtsa başlamaq lazımdır. Hər dəfə gecikirik, gecikirik, gecikirik və sonra da başlayırıq bir-birimizi qınamağa (Vaqif müəllim bu yerdə dərin köks ötürür). Ümid edirəm ki, inandığım gənclər arzuladığım teatrı yaradacaqlar...

 

– Naxçıvanda “Cavid” poeziya teatrını yaratmısınız. Bakıda dahi şairin 135 illik yubiley tədbiri də bir ayrı möhtəşəmliklə yaddaşlara yazıldı...

– Sondan başlayıb əvvələ qayıtsaq, bu tədbir illərin, bəlkə də on illərin enerjisi idi. Yarımçıq qalmış hisslərimin, düşüncələrimin, duyğularımın və deyilməmiş sözlərimin toplumu idi həmin yubiley tamaşası. İnanın mənə, o tamaşanı bir həftə ərzində hazırladım. Bəzən adam düşünər ki, o boyda Cavid poeziyası bir həftəyə necə sığa bilər. O günün tamaşasının sonunda dayanıb geri dönüb baxsam, yəqin 80-ci illərin əvvəlini xatırlayaram. Həmin dövrdə ulu öndər Heydər Əliyev Hüseyn Cavidin 100 illik yubileyi ilə bağlı qərar vermişdi və o qərarın da bir bəndi Naxçıvan teatrının nəzdində “Cavid” poeziya teatrının yaradılması idi. Tam səmimi deyirəm, o vaxt məni çağırıb bu teatrı sənə tapşırırıq desəydilər, yaxına durmazdım. Təbii ki, məsuliyyətin ağırlığına görə. Bakıda bir sıra sənət adamlarına müraciət olunsa da, həmin müraciətlərə müsbət cavab gəlmədi. Seçilmiş bina da vaxtilə müxtəlif istiqamətlərdə istifadə edilmiş bir məscid idi. Mən Gəncəyə gedib “Nizami” poeziya teatrı ilə tanış oldum. Gördüm o başqa bir üslubdadır. Heç kimi gözləmədən öz içimdə doğulan teatrı yaratmağa başladım. Kəmalə Ağayevanın “Mənim tanrım gözəllikdir, sevgidir” mənzum pyesi əsasında ilk tamaşamızı təqdim etdik. 1 saat 15 dəqiqə davam edən tamaşada 72 obraz var idi. 12 aktyor hər biri bir neçə obrazda oynadı. Tamaşa Cavidin nəşi Naxçıvanda dəfn olunan gün (3 noyabr 1982-ci il – red.) göstərildi. Bakıdan gələn bütün qonaqlar tamaşanı izlədi. 80 nəfərlik zal idi. Tamaşadan sonra heç kim mənə Şeyx Sənanın saqqalı hanı, filan obrazın əlbəsəsi hanı demədi. Bizim meydan teatrının şərtlərindən ən vacibi budur – inandırmaq. O zaman başa düşdüm ki, mən düzgün yol seçmişəm.

Bir dəfə özüm Cavidi oynayanda monoloqda belə bir fikir var idi: “Ay dünya, səndə nələr var...”. Birdən bu məqamda birinci sırada oturan tamaşaçı əyilib yapışdı ayağımdan və dedi ki, “Cavid əfəndi, bizi bağışla!”. Demək, sən bütün duyğuları səmimi və dolğun ötürə bilirsənsə, elə bu, tamaşaçıya bəsdir. Poeziya teatrında bir-birinin ardınca çoxsaylı tamaşalar hazırladıq.

 

– Aktyor, yoxsa rejissor Vaqif Əsədov?

– Mən bu sənətə gəlməyə hazırlaşanda həyətimizin başında bir budka düzəltmişdim. İşıq çəkib, dəmir çarpayı qoyub köçmüşdüm ora. Orada gecələr oxuyub imtahana hazırlaşırdım. Həmin gecələrin birində Cəfər Cabbarlını təzədən mütaliə edəndə gəldim çıxdım “Aydın”a. O gecə başqa bir Vaqif doğuldu. İnstituta qəbul olunanda  məqsədim o idi ki, bütün bu duyğuları səhnədən deyə bilim. İllər keçdi, düzünü desəm, özümə bir aktyor kimi inamım da yox idi. Çox qısa müddətdən sonra mən başladım rejissorlara kömək etməyə, assistent, ikinci rejissor olmağa... Artıq başa düşürdüm ki, mən bu sahədə daha çox söz deyə bilərəm. Bir neçə yoxlama tamaşadan sonra məni rejissorluğa təsdiq etdilər. Aktyorluqdan rejissorluğa keçiddə maaşım 100 manat azaldı. Amma sevincimin həddi-hüdudu yox idi. Ondan sonra Moskvaya kurslara getdim və s. Teatr sənətinin möcüzəsini ilk növbədə aktyor olanda duymuşam. Sonra rejissorluqda.

Bizim nəsil hansı sahədə çalışmasına baxmayaraq, işinə məsuliyyətli yanaşırdı. O zaman Naxçıvanın teatr coğrafiyası çox dar idi. Neçə ildə bir dəfə Bakıya gəlib tamaşa oynayırdılar. Necə oldusa, biz Moskvaya, hətta beynəlxalq festivallara qədər gedib çıxdıq. Bunu ona görə deyirəm ki, insan istəsə, çox şeyə nail ola bilər...

 

– Siz eyni zamanda bir sıra irimiqyaslı dövlət tədbirlərinin də quruluşçu rejissoru və ssenari müəllifi olmusunuz...

– Bu, tamamilə başqa bir dünyadır. Naxçıvandan Bakıya gəldikdən sonra haradasa beş il bu sahədən uzaq oldum. Ulu öndər Heydər Əliyev 1994-cü ildə Mirzə Cəlilin 125 illik yubileyi ilə bağlı fərman verdi. Quruluş verdiyim bu yubiley tədbiri dövlət tərəfindən yüksək qiymətləndirildi. Sonra Hüseyn Cavidin 120 illiyi, Səməd Vurğunun 100 illiyi, Həsən Turabovun 80 illiyi və bir çox yubiley tədbirlərini hazırladım.

 

– Bir də həyatınızın Gənc Tamaşaçılar Teatrı səhifəsi var...

– Bakıya gələndə bu teatrı özüm seçdim. Çünki orada Azər Paşa tələbə yoldaşım idi. Aktyor heyəti də mənə doğma idi. Həm də etiraf edim ki,  Akademik Milli Dram Teatrından çəkinirdim. Bu o demək idi ki, biz sənətə daha ciddi münasibət bəsləyirdik. Gənc Tamaşaçılar Teatrında ilk işim İsgəndər Coşqunun “Açıl bənövşəm, açıl” uşaq tamaşası oldu. Amma oradakı fəaliyyətimdə özümə görə siyahı tutsam, ilkin tamaşa kimi “Mağara”nı qeyd edərəm. Sonra “Məhv olmuş gündəliklər”, “Yarımçıq qalmış...” və “Oqtay Eloğlu”. Baxmayaraq ki, uzun dövr keçib, amma ciddi iş kimi qəbul etdiyim bunlardır və çox təəssüf ki, azdır.

 

– Sənətinizdə dönüş nöqtəsi kimi hansı məqamı qeyd edərdiniz?

– Dönüş nöqtəsi. Buna həqiqəti anlamaq anı deyərdim. Dərdi deyil, anı deyərdim. Bu, bir anda gəlmir. Sənətdə bu an yavaş-yavaş gəlir. Söhbətin əvvəlində dediyim kimi hətta bu yaşda da bəzən çaşırsan, yolu itirirsən. Sənətin məğzini mən artıq 70-ci illərdə öyrənməyə başladım. Müəllimlərim görkəmli sənətkarlar Mehdi Məmmədov və Nəsir Sadıqzadə olub. Onlar bizə birinci fikri və düşüncəni təlqin ediblər. Teatra işə gələndə artıq Nəsir müəllimlə yanaşı gedərək çox şeyi başa düşdüm.

 

– Bu il ölkəmizdə “Şuşa İli”dir. Şuşa həm də mədəniyyət  paytaxtımızdır. Əlamətdar illə bağlı planlarınız varmı?

– Mən heç bir ölkə əhəmiyyətli hadisəyə biganə qalmamışam. Qarabağla bağlı “Mağara”, daha sonra “Yarımçıq qalmış...” tamaşalarım, Xocalı ilə bağlı Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırladığım tamaşa da maraqla qarşılanmışdı. Hazırda Leyli Salayevanın hekayəsi əsasında tamaşa üzərində çalışırıq. Əsər Xocalı sakinləri ilə  bağlıdır. “Yarımçıq qalmış...”da belə bir ifadə var idi: “Şuşanı aldınızmı?”. Bu gün bizim ən böyük əsərimiz elə Şuşanın azadlığıdır. Ən böyük əsəri Prezidentimiz, qəhrəman hərbçilərimiz, şəhidlərimiz yazdı. Sözsüz ki, zamanla bu mövzuda yeni-yeni əsərlər meydana gələcək. Mən 40 il öncə Vaqifin məqbərəsinin açılışında iştirak etmişəm. Ancaq obyektiv səbəblərdən azad Şuşaya gedə bilmədim. Mən ora işlə gedəcəyəm, sadəcə, gəzib-görməyə deyil.

 

– 75 yaşınızda kiminlə rastlaşmaq istəyərdiniz?

– Naxçıvanda bizim məhəllə çox şuluq məhəllə idi. Bir qız vardı. Hər dəfə o, dərsdən gələndə görərdim. Bir gün həmin qız yolu başqa istiqamətdən saldı və mən də düşdüm onun arxasınca. Qız rəfiqələri ilə gedib Pionerlər evinə girdi. Mən də içəri  daxil olub gördüm ki, biri çalır, biri oxuyur. Rəfiqələr 2-3 gün ora gəldilər, daha sonra görünmədilər. Ancaq mən ora gəlməyə davam etdim.

 

– Demək, ilk sevginiz sizi düz istiqamətə aparmışdı...

– Bəli. Əgər o vaxt həmin hadisə baş verməsəydi, mən ora getməsəydim, indi Vaqif tamam başqa bir istiqamətə gedəcəkdi. Bu gün kiminlə rastlaşmaq istərdiniz sualınıza da cavab olaraq deyərdim ki, mən indi o həmin başqa istiqamətdə olan Vaqifi görmək istərdim. O Vaqif haradadır, görəsən?!

 

– Vaqif müəllim, 75 illiyiniz münasibətilə sizi təbrik edir, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Lalə Azəri