“Şuşa İli” Azərbaycanın söz-sənət salnaməsində dərin iz qoyan qədim şəhərin mədəni mirasına bir daha nəzər salmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bölgələrdə keçirilən tədbirlərdə də Şuşanın zənginlikləri səhifələnir, mədəniyyət paytaxtımız tərənnüm edilir.
Kürdəmir Regional Mədəniyyət İdarəsi (RMİ) Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin Şuşaya zəngin tarixi abidə kimi qayğısı” mövzusunda elmi-praktik konfrans keçirilib. Çıxışlarda Şuşanın Azərbaycan tarixindəki yerindən, abidələrindən, işğalı və azad olunmasından bəhs edilib.
Biləsuvar RMİ Salyan rayon Heydər Əliyev Mərkəzi və Salyan rayon Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş şahmat turniri keçirilib. Turnirdə qalib gələn iştirakçılar diplomla təltif ediliblər.
Şəmkir RMİ-nin dəstəyi ilə Gədəbəy Aşıq Məktəbində “Şuşa İli” münasibətilə sərgi-konsert təşkil edilib. İdarənin rəisi Azər Rəcəbovun da iştirak etdiyi tədbirdə müxtəlif bölmələrdə 50-dək fotoşəkil və 180-dən çox bilgi lövhəsi nümayiş etdirilib. Konsert hissəsində şagirdlərin ifasında musiqilər səsləndirilib.
Ağdaş RMİ Ağdaş rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəmsabad, Qolqəti, Yuxarı Ləki kənd klub müəssisələrində “Qarabağın incisi – Şuşa”, “Şuşaya qayıdış” adlı silsilə tədbirlər keçirilib.
Şəki RMİ-nin tabelıyindəki Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Şuşa İli” ilə bağlı Yuxarı Çardaxlar kənd tam orta məktəbinin şagirdlərinə açıq dərs keçirilib. Balakən rayon Mədəniyyət Mərkəzində isə “Şuşa İli”nə həsr olunmuş hərbi vətənpərvərlik mövzusunda film nümayiş etdirilib. Film Vətən torpağının düşməndən azad edilməsində mühüm rol oynamış Xüsusi Təyinatlı Qüvvələrə həsr olunub.
Xaçmaz RMİ Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Şuşa İli” münasibətilə keçirilən tədbirdə məktəblilərə Şuşanın abidələri haqqında məlumat verilib. Xaçmaz şəhərindəki ümumtəhsil məktəblərinin 7-8-ci sinif şagirdləri və muzey filiallarının işçilərinin iştirak etdiyi tədbirdə “Şuşa abidələri” adlı videoçarx nümayiş etdirilib.
Ağcabədi RMİ Ağcabədi rayon MKS-nin Qaradolaq kənd kitabxana filialının əməkdaşları kənd ümumi orta məktəbinin 9-cu sinif şagirdləri ilə “Şuşa – 270” başlıqlı tədbir keçiriblər. Şagirdlərə Şuşanın yaranma tarixindən, işğalından və Qələbəmiz haqqında məlumat verilib.
Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzində S.Vurğun adına 3 saylı şəhər tam orta məktəbinin müəllimləri və IV sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə “Şuşa: işğalı və azad olunması” adlı sənədli film nümayiş olunub.
Şirvan şəhər MKS-nin 4 saylı kitabxana filialının əməkdaşları “Şuşa İli” ilə əlaqədar açıq havada kitab sərgisi təşkil ediblər.
Sumqayıt RMİ-nin əhatə etdiyi Şuşa rayon Mədəniyyət evi, Malıbəyli kənd Mədəniyyət evi və “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı tədbir keçirilib.
İsmayıllı RMİ İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Qafqazın kiçik Parisi, tarixi Pənahabad – Şuşa qalası” adlı inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqədə İsmayıllı şəhəri və Quşencə, Qalıncaq, Şəbiyan kənd məktəblərinin şagirdləri iştirak ediblər. Qəbələ rayon Heydər Əliyev Mərkəzində isə Şuşa rayon 24 nömrəli tam orta məktəbi və Qəbələ şəhər Uşaq incəsənət məktəbin iştirakı ilə “Mədəniyyətimizin beşiyi – Şuşa” adlı tədbir təşkil olunub. Məktəblilərin ifasında rəqs, şeir və mahnı kompozisiyaları təqdim edilib.
Gəncə RMİ Nizami Gəncəvi Muzeyində Gəncə şəhər 32 saylı məktəbin 7-ci sinif şagirdlərinin iştirakı ilə “Əziz Şuşa, sən azadsan!” adlı tədbir təşkil olunub. Muzeyin bələdçisi Ləman Abdullayeva şagirdlərə Şuşanın mədəniyyəti və tarixi haqqında məlumat verib. Samux rayon Heydər Əliyev Mərkəzi və Samux Rayon Təhsil Şöbəsi birgə “Könlüm keçir Qarabağdan” adlı tədbir təşkil edib. Rayon məktəbliləri tərəfindən musiqilər səsləndirilib, rəqs nümunələri təqdim olunub.
N.Məmmədli