İnklüziv tamaşa təqdim olunub

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQ) dəstəyi ilə Marionet Teatrında “Biz varıq” adlı səhnələşdirilmiş inklüziv tamaşa nümayiş edilib.

Qoruq idarəsinin mətbuat xidmətindən bildirilib ki, “Be Kind” layihəsi çərçivəsində səhnələşdirilən tamaşada sağlamlıq imkanları məhdud olan və olmayan uşaqların iştirakı ilə səhnəciklər və “Dance Ability” komandasının çıxışları izləyicilərə təqdim olunub.

Açılışda “İçərişəhər” DTMQ İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxış edərək inklüziv layihələrin vacibliyini vurğulayıb.

İdarənin nəzdində fəaliyyət göstərən Marionet Teatrının bədii rəhbəri Tərlan Qorçu və “Be Kind”in təsisçisi Şirin Rzayeva tədbirin təşkilində göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.

İnklüziya üzrə mütəxəssis Zarina Məmmədova xüsusi təhsilin mahiyyəti və onun əhəmiyyəti haqqında danışıb. Qeyd edilib ki, “Be Kind” xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərmək və onların cəmiyyətdə inteqrasiyasına imkan yaratmaq üçün hazırlanan bir layihədir.

Tədbirdə qonaq qismində iştirak edən BMT İnkişaf Proqramının Azərbaycandakı məsul əməkdaşı Suxrob Xocimatov bu kimi layihələrə dəstək olduqlarını söyləyib.

Sonra tamaşa təqdim olunub.

“İçərişəhər” DTMQ İdarəsi xüsusi qayğıya ehtiyacı olan uşaqları diqqətdə saxlayır və bu məqsədlə müxtəlif tədbir və layihələr həyata keçirir.