Nazik, şəffaf parçadan biçilmiş beş pərdə. Onların arxasında yanan xəfif işıqlar, pərdə önünə çıxmadan çox iri görünən kölgələr, pərdələrin məcazi tavana birləşdiyi yerdə yazılmış hikmətli kəlamlar elə ilk dəqiqələrdən tamaşaçını sözə ehya verildiyi məkanda olduğuna hazırlayır. Kölgə dediyimiz, əslində, göstərinin iç qatını, səhnədəki oyunu ikinci plan kimi tamamlayan aktyorların hərəkəti, plastikası bu tamaşada dilin söylədiyi ilə vücudun bəhs etdikləri arasında vəhdətin olacağına inandırır. Çox məşhur musiqi əsərlərindən kompelyasiya edilmiş uğurlu musiqi tərtibatı bu canlı sənət ünsiyyətinə seyrçidən ciddi münasibət istəyir...
Oxucuları bu qədər intizarda qoymaq yetər yəqin. Söhbət Sumqayıt Dövlət Dram Teatrının 54-cü teatr mövsümünü yeni bir əsərlə – “Xəzinə” adlı ikihissəli epik pritça ilə açmasından gedir. 9-10 aprel tarixlərində ardıcıl premyerası baş tutan tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb və Nizami Gəncəvinin ötən il qeyd etdiyimiz 880 illiyinə həsr olunub. “Xəmsə”nin (şəffaf pərdələrin imitasiya etdiyi qapıların sayı niyə məhz beş imiş?) motivləri əsasında yazılmış əsərin müəllifi yazıçı-ssenarist Hafiz Ataxanlıdır.
Tamaşanın ilk dəqiqələrindən anlaşılır ki, quruluşçu rejissor və “Xəzinə”nin səhnə redaksiyasının müəllifi Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Orucov, rəqslərin quruluşçusu (əslində rəqs quruluşundan daha çox səhnə plastikasının həllini vermiş) Vüsal Mehrəliyev tamaşanın vahid, bir-birini tamamlayan səhnə həllini tapa bilmişlər. Bu yaradıcı anlaşma həm bir neçə rolda səhnəyə çıxan aktyorların işini asanlaşdırıb, həm də əsərin bitkin tamaşa kimi qavranılmasını təmin edib.
Adətən belə tamlıqla işlənmiş tamaşalarda hansısa aktyoru xüsusi vurğulamaq çətin olur. Əməkdar artist Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Şəmistan Süleymanlı, Ümid Abbaszadə və Kamran Muradlı bir neçə rolda səhnəyə çıxsalar da, onların hansı obrazda – tamaşanın ideyasını çatdıran mürid, yaxud konkret “Xəmsə” qəhrəmanı kimi daha yaddaqalan olduğunu demək də çətindir. Təbii ki, tamaşanın favoritləri var idi. Cəlal Məmmədovun, Oktay Mehdiyev və Şəmistan Süleymanlının müridlərlə yanaşı, müvafiq olaraq İskəndər, Dəllək, Şər, Şuriyyə rollarında səhnəyə çıxışı tamaşaçılardan daha çox alqış payı qazandı (görünür, son zamanlar teleseriallarda rol almaları onların teatr aktyoru kimi haqq etdikləri populyarlığa da təsirsiz qalmayıb).
İnsan zəkasını hər anlamdan üstün tutan, öz “Xəmsə”sində bunu bəyan edən Nizami Gəncəvi (Əməkdar artist Rauf Ağakişiyev) tamaşada çox az görünür. Bir obraz kimi o qədər də dramaturji yükü olmayan, yalnız öz hikmət xəzinəsindən söz ərməğan edən Şeyx Nizaminin səsi də fonoqramla verilir. Quruluşçu rejissor bu üsulla tamaşanın ismarışını tamamlayır: Nizaminin səsi ön məqamda qeybdən gəlmək, əbədilik qulağımızda qalmaq effekti yaradır: altşüur isə onu – dünya ədəbiyyatına, fəlsəfəsinə kəlam xəzinəsi bəxş etmiş, ruhu, düşüncəsi həyatın maddi olaraq qavrayışından çox yüksəklərdə dolaşan müdrik şəxsiyyət, öz ədəbi irsi ilə əbədi müəllim məqamında qəbul edir.
Tamaşanın aktyor heyətinə gəlincə, “Xəzinə”də teatrın kifayət qədər səhnə təcrübəsinə malik orta və gənc nəsil aktyorları çıxış edirdilər. Yuxarıda adlarını çəkdiyimiz sənətçilərdən başqa aktrisa Vəfa Qurbanova öz Nüşabəsini böyük İskəndərin hüzurunda mövqeyindən dönməsə də, cəsarətini cilovlamağa çalışan, lakin hansısa kiçik anlaşılmazlığın cahan fatehinin qəzəbinə səbəb ola biləcəyi hürküsünü də səsinin tonu ilə büruzə verən kiçik hökmdar kimi təqdim etdi.
Harun ər-Rəşid rolunda çıxış edən Akif Mirzəyev və Vəzir – Yalçın Səlimov dueti də əhvalatın üst qatındakı satiranı çatdıra bildi. Onların düşdüyü situasiyaya gülən tamaşaçı özü də bilmədən adi Dəlləyin padşah iltifatından ürəklənərək bitməyəcək xəyallar qurmasına güldü.
Nə gizlədək, bizim tamaşaçı kontingentimizin böyük hissəsi faciənin qabardılmasını seyr etməyi xoşlayır. O üzdən gənc aktyorlar Ümid Abbaszadənin (o həm də tamaşanın rejissorudur) Məcnunu və Aynur Hümmətovanın Leylisi insan həyatının faciəsi kimi qəbul edildi. Hər halda rejissorlar bu iki gənc aktyorun həm zahirən, həm də daxili enerji baxımından bir-birini tamamlamasını nəzərə alaraq məhz onlar üçün tamaşa qura bilərlər.
Bəzən teatral mühitdə, səhnəarxası söhbətlərdə teatra bir köynək yaxın olanlar deyirlər ki, bizim tamaşaçı daha sözə fikir vermir, ona hərəkətli, məzəli oyun gərəkdir ki, hövsələsini basıb tamaşanı sonadək izləsin. Amma “Xəzinə”nin nümayişi göstərdi ki, sözün, bütünlükdə mətnin seçimi elə olmalıdır ki, tamaşaçı vaxtın necə keçdiyini hiss etməsin. Bir növ lap “Bəyin oğurlanması” filmində kino barədə Əhməd dayının söylədiyinə oxşadı. Yəni, elə çəkin ki, baxsınlar…
Yeri gəlmişkən, bizim tamaşaçını müxtəlif teatr elementlərinə, oyun və göstəri texnikasında yeniliklərə açıq olmamaqda da qınayırlar. Amma “Xəzinə”də İndoneziya kölgə teatrının elementlərindən də istifadə olunmuşdu. Tamaşanı seyr etdikcə salonun müridlərin geyimindəki sadəliyi, səhnə quruluşundakı lakoniklik və yığcamlığı çox rahat “həzm etdiyinə” şahid olduq. Deməli, qızıl ortanı tapmaq gərəkdir ki…
“Xəzinə” səhnədədir. Ümidvarıq ki, tamaşa teatrın repertuarında möhkəmlənəcək. Hər necə olsa, söhbət bizim ən böyük söz “Xəzinə”mizdən gedir.
Gülcahan Mirməmməd