Özbək müəllifin “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimatı keçirilib

Aprelin 19-da Milli Kitabxanada tanınmış özbək ədəbiyyatşünası, yazıçı, publisist, tərcüməçi Babaxan Şərifin “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimatı keçirilib. Təqdimat Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq Babaxan Şərifin Azərbaycan və özbək xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərindən danışıb. Bildirib ki, müəllifin yeni kitabı Azərbaycan ədəbiyyatının təbliğinə həsr olunub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, Babaxan Şərifin ən böyük arzularından biri Şuşanı görmək idi ki, bu yaxınlarda yazıçının istəyi gerçəkləşib. Millət vəkili müəllifi yeni kitabı münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzulayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kitab münasibətilə Babaxan Şərifə xoş diləklərini çatdırıb, bu yaxınlarda mədəniyyət paytaxtımız Şuşada şairlər məclisini təşkil etdiklərini deyib. S.Abbasov qeyd edib ki, “Şuşa İli” münasibətilə Özbəkistanda çoxsaylı tədbirlər təşkil olunacaq.

Türk Ədəbiyyatı Vəqfinin direktoru Serhat Kabaklı, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, AYB-nin katibi Səlim Babullaoğlu və başqaları da kitab haqqında fikirlərini bölüşüblər.

Babaxan Şərif tədbirin təşkilinə görə zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.