Xalq yazıçısı, görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovun (1939-2022) vəfatından qırx gün ötdü. Aprelin 19-da Bakı Kitab Mərkəzində yazıçının xatirə gecəsi təşkil olunub.
Gecədə yazıçının ailə üzvləri, dostları, həmkarları, yaradıcılığının pərəstişkarları iştirak ediblər.
Tədbir Xalq yazıçısına həsr olunan videoçarxın nümayişi ilə başlayıb. Sonra Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva çıxış edərək Rüstəm İbrahimbəyov haqqında xatirələrini bölüşüb: “Rüstəm müəllim nurlu, pozitiv və gülərüz insan idi. Hesab edirəm ki, bugünkü tədbir çox yaddaqalan olacaq, çünki buraya ona yaxın adamlar toplaşıb”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar R.İbrahimbəyovun həyat və yaradıcılıq yolundan danışaraq qeyd edib ki, o, çox ciddi insan idi və bu da onun istedadından xəbər verirdi.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli vurğulayıb ki, R.İbrahimbəyov cəmiyyət ab-havasına öz notlarını köçürüb. Biz dahi insanı itirdik. Lakin onun ideyaları və yaradıcılığı gələcək nəsillər üçün qalacaq.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov deyib ki, R.İbrahimbəyovun Azərbaycana hədsiz sevgisi vardı. Müxtəlif ölkələrdə yaşamasına baxmayaraq, Vətən onun qəlbində xüsusi yer tuturdu.
Sonra Xalq yazıçısı Ramiz Rövşən mərhum dostu haqqında xatirələrini bölüşüb, ona həsr etdiyi şeirini səsləndirib.
Gecədə Əməkdar artistlər, müğənni Sevda Ələkbərzadə, tarzən Sahib Paşazadə və digər incəsənət ustalarının ifaları dinlənilib.
Tədbirin sonunda Xalq yazıçısının övladları Fuad və Fatma İbrahimbəyovlar gecənin təşkilinə görə təşəkkür edib, iştirakçılara minnətdarlıqlarını bildiriblər.