Dastanlarda milli-mənəvi dəyərlərimiz – Folklor İnstitutunda elmi konfrans

AMEA-nın Folklor İnstitutu “Folklorçular” İctimai Birliyi (İB) ilə birgə “Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda respublika elmi konfransı keçirib.

İnstitutdan bildirilib ki, İB-nin Azərbaycanda dastançılıq ənənəsinin qorunub saxlanılması və inkişafı istiqamətində reallaşdırdığı tədbirlər çərçivəsində keçirilən konfransa Şəki, Gəncə, Qazax, Qobustan və digər bölgələrdəki elmi-yaradıcılıq müəssisələrinin nümayəndələri də qatılıblar.

Konfransda Folklor İnstitutunun baş direktoru, “Folklorçular” İB-nin sədri, akademik Muxtar İmanov bildirib ki, Azərbaycan dünyada ən zəngin folklora sahib ölkələrdəndir. Folklorumuzun mühüm bir sahəsini təşkil edən dastanlarımız öyrənilib tədqiq olunsa da, onların bir çoxu aşıqların ifasından lentə alınmayıb. Müasir dövrdə gənc aşıqlar arasında isə dastan ənənəsi aradan qalxır. Alim dastanlarda xalqın mədəni-mənəvi dünyasının, keçmişinin, tarixinin yatdığını bildirərək bu sahənin öyrənilməsinin hər zaman aktual olduğunu vurğulayıb.

Muxtar İmanov son illər həyata keçirilən “Dastan gecələri” layihəsini, aşıqların ifasında dastanların lentə alınıb saxlanılmasını, albomların hazırlanmasını vacib və əhəmiyyətli tədbirlər kimi xüsusi qeyd edib.

İnstitutun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova dastançılıq ənənələrindən, aşıq sənətindəki ustad-şagird münasibətlərindən və müasir dövrdəki vəziyyətindən danışıb.

Sonra elmi konfrans işini bölmələrdə davam etdirib.