Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ilə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıçın görüşü olub.
G.Əfəndiyeva fondun fəaliyyətindən, türk xalqların tarixinin, mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə təşkil olunan tədbirlərdən, eləcə də gələcək planlardan bəhs edib. O, eyni zamanda təşkilat tərəfindən bir çox elmi araşdırmaların aparıldığını, kitabların çap olunduğunu diqqətə çatdırıb.
G.Əfəndiyeva müxtəlif ölkələrdə fəaliyyət göstərən Yunus Əmrə institutlarının Türk dünyası mədəniyyətinin beynəlxalq aləmə çatdırılmasında önəmli bir şəbəkə olduğunu vurğulayıb, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə institutu arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini qeyd edib, birgə layihələrin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç fond tərəfindən Türk dünyasının maddi mədəni irsinin araşdırılması və mühafizəsi istiqamətində dəyərli işlər görüldüyünü vurğulayıb. S.Karakılıç iki qurum arasında əməkdaşlığın əhəmiyyətindən söz açaraq tərəfdaşlıq münasibətlərinin gələcəkdə mühüm töhfələr verəcəyinə inandığını və təşkil olunan tədbirlərə dəstək olacağını bildirib.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.