İki cəbhədə – səhnə və səngərdə

“Bu savaşa sizləri göndərən də milli kimliyə, kökə bağlılıq idi...”

 

“Vətən müharibəsində qalibiyyətdən sonra bütün dünya Azərbaycan xalqının böyüklüyünü, möhtərəm Prezidentimizin diplomatik uğurlarını, Ali Baş Komandan kimi səriştəsini, Ordumuzun qüdrətini gördü. Xalqımızın müharibə dönəmində və ondan sonrakı dövrdə bir yumruq şəklində birləşməsi gələcək nəsillər üçün həqiqi örnəkdir...”.

Mədəniyyət naziri Anar Kərimov bu fikirləri Vətən müharibəsinin iştirakçısı olmuş mədəniyyət işçiləri ilə görüşdə dedi. Aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində keçirilən görüş Mədəniyyət Nazirliyinin “Səhnədən səngərə: qazilər” layihəsi çərçivəsində təşkil olunmuşdu.

Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə tədbiri açaraq “Səhnədən səngərə” layihəsi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda sağlamlığını fəda edən, xalqımıza sonsuz sevinc və qürur hissləri yaşadan şəhid və qazilərimiz hər bir azərbaycanlının qəlbində taxt qurub: “Vətən müharibəsində şəhid olmuş qəhrəman mədəniyyət işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə nazirlik tərəfindən “Səhnədən səngərə: şəhidlər” layihəsi həyata keçirilib. Layihə üzrə mədəniyyət işçilərindən 8 nəfər şəhid haqqında ictimaiyyətə geniş məlumat təqdim olunub”.

Şöbə müdiri qeyd etdi ki, Vətən müharibəsində iştirak edən mədəniyyət işçilərindən 12 nəfər qazi kimi adlarını Azərbaycan qəhrəmanlıq salnaməsinə həkk ediblər. Onların ictimaiyyət tərəfindən geniş tanınması məqsədilə nazirlik “Səhnədən səngərə: qazilər” layihəsini gerçəkləşdirib. Layihə çərçivəsində qazi mədəniyyət işçiləri haqqında videoçarxlar hazırlanıb. “Salnaməfilm” studiyası tərəfindən lentə alınan materiallarda onların 44 günlük müharibədə göstərdikləri şücaətdən bəhs olunur, qazilərin ailə üzvləri, döyüş yoldaşları ilə söhbətlər təqdim edilir.

Vətən müharibəsində qazi olmuş mədəniyyət işçilərinin müharibə və Qələbə təəssüratlarını əks etdirən videoçarxın nümayişindən sonra söz mədəniyyət naziri Anar Kərimova verildi.

Vətən müharibəsində Zəfərimizin əsasında dayanan milli birlik faktının önəmini qeyd edən nazir dedi: “Biz mədəniyyətimizə, öz kimliyimizə, öz kökümüzə bağlı xalqıq. Bu savaşa sizləri göndərən də məhz o milli kimliyə, kökə bağlılıq və məsuliyyət oldu. Siz eyni zamanda iki cəbhədə vuruşmusunuz: müharibə vaxtı səngərdə, müharibədən əvvəl və sonra isə mədəniyyət sahəsində. Bu, böyük bir qəhrəmanlıqdır. Hazırda qloballaşma dövründə yaşayırıq və təəssüf ki, dəyərlərin aşınması prosesi gedir. Biz mərdlik, dönməzlik, şücaət kimi anlayışları sizlərin simasında yeni nəsillərə ötürürük”.

Anar Kərimov qazilərə fəxri fərmanlar təqdim etdi.

Tədbirin bədii hissəsində Vətən müharibəsinin iştirakçısı olmuş bəstəkar Vüqar Məmmədzadə kvartet üçün əsəri, opera ifaçısı Atəş Qarayev Asəf Zeynallının “Ölkəm” romansı və rəqqas Firdovsi Eyvazov “Uzundərə” rəqsini təqdim etdilər.

Sonda xatirə şəkilləri çəkdirildi.

Lalə Azəri