Opera və Balet Teatrında “Orfey və Evridika” operasının premyerası keçiriləcək

Aprelin 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında XVIII əsrdə yaşamış alman bəstəkarı Kristof Villibald Qlyukun “Orfey və Evridika “ operasının tamaşasının premyerası keçiriləcək.

Premyera Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Barokko günləri“ (23-26 aprel) beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaq.

Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələri laureatı Əyyub Quliyev, quruluşçu rejissoru və baletmeysteri Xalq artisti Kamilla Hüseynova, rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

Səhnə əsərində əsas partiyaları Əməkdar artistlər İlham Nəzərov (Orfey), İnarə Babayeva (Amur), Ukrayna Milli Operasının solisti Anastasiya Povajna (Evridika), həmçinin balet artistləri – Əməkdar artist Anar Mikayılov (Orfey) və Liana Praqa (Evridika) ifa edəcəklər.

Qeyd edək ki, "Orfey və Evridika" operasının ilk premyerası 260 il öncə – 1762-ci ildə Vyanada gerçəkləşib. K.V.Qlyuk tamaşanın libretto müəllifi Ranieri de Kalzabidji ilə birlikdə qədim yunan əfsanəsinin süjetini bir qədər dəyişərək talesiz sevgililərin qəmli məhəbbət hekayəsinə musiqinin dili ilə xüsusi bir rəng qatıb.