Azərbaycan Texniki Universitetində aprelin 21-də tanınmış ədəbiyyatşünas alim, tənqidçi, mətnşünas, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Araz Dadaşzadənin (1936-1990) xatirə gecəsi keçirildi.

Tədbiri Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə açaraq alimin həyat yolundan və elmi fəaliyyətindən danışdı. Diqqətə çatdırdı ki, görkəmli ədəbiyyatşünas, akademik Məmməd Arif və pedaqoq Zümrüd Axundovanın ailəsində dünyaya göz açan Araz Dadaşzadə ömrünün böyük bir hissəsini Azərbaycan elminin inkişafına həsr edib. O, yaradıcılığa 1956-cı ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Tərli kürəklər” filminə yazdığı eyniadlı resenziya ilə başlayıb. Daha sonra “Kral Lir”, “Dədə Qorqud”, “Dərviş Parisi dağıdır” və digər filmlərlə bağlı dövri mətbuatda məqalələr dərc etdirib.

Araz Dadaşzadə 1968-ci ildə M.P.Vaqifin anadan olmasının 250 illiyi ilə əlaqədar yazdığı “Molla Pənah Vaqif (həyat və yaradıcılığı haqqında oçerk)” kitabçası ana dilimizlə yanaşı, ingilis, fransız, türk, ərəb, fars və rus dillərində də işıq üzü görüb. Araz Dadaşzadə eyni zamanda “Həyat müğənnisi”, “XVIII əsr Azərbaycan lirikası”, “Xeyirxahlıq və gözəllik poeziyası” kimi dəyərli əsərlər də ərsəyə gətirib.

Azərbaycan Texniki Universitetin rektoru, Əməkdar elm xadimi, professor Vilayət Vəliyev Araz Dadaşzadənin xatirə gecəsinin bu təhsil ocağında keçirilməsinin təsadüfi olmadığını dedi. Bildirdi ki, bu il ölkəmizdə “Şuşa İli”dir. Görkəmli alimimizin də yaradıcılıq fəaliyyətinin bir hissəsi Şuşa şəhəri ilə bağlı olub.

Rektor diqqətə çatdırdı ki, I, II Qarabağ müharibələrində Texniki Universitetin 300-dən çox məzunu iştirak edib. Onların arasında şəhid və qazi olan, Milli Qəhrəman adına layiq görülənlər var.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında Araz Dadaşzadəni klassik ədəbi irsimizin dərindən araşdırılmasında, ölkəmizdə ilk milli ensiklopediya redaksiyasının yaradılmasında əməyi olan alim, ziyalı və mehriban dost kimi yada saldı. Bildirdi ki, Araz Dadaşzadə 54 yaşında, çox erkən vəfat edib: “Araz geniş erudisiyalı və dərin bilikli alim, səmimi və yurdsevər ziyalı, həssas və qayğıkeş idi. Onun gülüşü, zarafatları, istər siyasi, istərsə də ədəbi hadisələrə müdrik baxışı unudulmazdır. O, 1990-cı ilin faciəli hadisələrindən çox sarsıldı. Əsl vətəndaş kimi xalqımızın başına gətirilən müsibətlərlə barışa bilmədi. Elə həmin ildə də onu itirdik...”.

Araz Dadaşzadənin oğlu, filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə alimin XVIII əsr Azərbaycan ədəbiyyatının, xüsusilə də Molla Pənah Vaqif irsinin tədqiqində müstəsna xidmətlərindən söz açıb. Vurğulayıb ki, yeni oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin IV cildində XVIII əsr ədəbiyyatı fəslinin müəllifi yenə də Araz Dadaşzadədir.

Çıxışlardan sonra musiqi proqramı təqdim edildi. Gülarə Əliyeva adına “Dan ulduzu” ansamblının müşayiəti ilə Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, digər Ayşən Mehdiyeva, Kamilə Nəbiyeva, Sədəf Budaqova, Gülzar Fərəcova, Vüsal Hacıyev, Rövşən Əziz, Sərxan Bünyadzadə, Əmrah Dadaşov, Nicat Cəfərzadə C.Cahangirov, Ş.Axundova, R.Mirişli, E.Sabitoğlu, O.Kazımi və E.İbrahimovanın nəğmələrindən ibarət musiqi çələngi təqdim ediblər. M.Müşfiq, C.Novruz və S.Rüstəmin şeirlərinin Toğrul Rza Müşfiq və Qafar Əsgərzadə tərəfindən qiraəti anım tədbirinə kövrək notlar qatıb.

Sonda alimin qızı, musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.

Savalan Fərəcov