Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə Dünya Kitab və Müəlliflik Hüququ Gününə (23 aprel) həsr edilmiş “Kitab ruhun qidasıdır” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə BXA-nın Kitabxana-informasiya mərkəzinin müdiri İradə Ağayeva açaraq müəllif hüquqlarının qorunması, kitabların insan həyatında oynadığı mühüm roldan danışıb. Sonra kitab dünyasına həsr edilmiş slayd nümayiş etdirilib.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və şair, bəstəkar Şahin Musaoğlu kitab və mütaliənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, kitab keçmişlə gələcək arasında əlaqə yaratmaqla, nəsillər və mədəniyyətlər arasında sirli körpüdür. Bəşər tarixində zaman və məkan sərhədlərini aşan ideyalar və ixtiralar kitab vasitəsilə dünyaya çatdırılıb.

Ş.Musaoğlu Azərbaycan və rus dillərində nəşr edilmiş bir neçə kitabı BXA-nın kitabxanasına hədiyyə edib.

Sonda R.Məcid və Ş.Musaoğluna BXA-nın təşəkkürnamələri təqdim olunub.