Konsepsiya: olmalıdır, olmazsa, heç bir fikir axını çuxuruna düşməz. Olmadısa – bütün mətləblər səhnədən pırr eləyib uçur...
Ondan başlayım ki, bu yazını yazarkən xeyli əziyyət çəkdim. Tamaşaya baxarkən də. “Filumena Marturano” – Akademik Milli Dram Teatrında məşqlərinə hələ pandemiyadan öncə başlanılan və nəhayət, tamaşaçı ilə görüşən yeni səhnə işi.
Tamaşa italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb. Bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyevadır. Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.
Baş rolları Xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz (Domeniko Soriano) oynayırlar. Səhnə əsərində həmçinin Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Ramin Şıxəliyev, Ləman İmanova, İlahə Həsənova, Fəridə Şahbazova, Vüsal Mustafayev, Elnur Qədirov, Corc Qafarov, Cavidan Novruz, Elsevər Rəhimov, Firuzə Balayeva, Xədicə Novruzlu rol alıblar.
Müəllifin üçpərdəli komediyasını ikihissəli tamaşa kimi təqdimatında janr olaraq komediya qeyd edilsə də, səhnə işinin (xüsusən ikinci hissədə) dram ilə komediyanın məngənəsində sıxıldığı nəzərə çarpır. Bunu gördükdə janr üzərindən tragikomik bir gəzişmə də aparmaya bilmirsən. Gəzişmə demişkən, maraqlıdır, görəsən, rejissor bu əsəri səhnə üçün seçərkən onun izləyiciyə hansı sadə mesajı verəcəyini nə dərəcədə nəzərə alıb?
Tamaşa boyu biz 25 il evli kişinin məşuqəsi olmuş qadın ilə həmin kişi arasında, əslində, bir-birinə məhkum olmuş ikilinin çəkişməsində tərəf seçməyin qeydinə qalırıq.
Qadın kimdir? Evli kişi ilə münasibət quran, onun məşuqəsi olmağı qəbul edən və üstəlik illərlə o kişinin arvadı olmaq üçün min hoqqadan çıxan Filumena. Kişi – onun əsiri olan qadın düşkünü, varlı, axmaq Domeniko (Mimi).
Tamaşa əzik-üzük gəlin paltarı ilə səhnəyə atılan Filumenanın çıxışı ilə başlayır. O, çox məmnundur. Can üstə olması barədə yalan uyduraraq keşiş qarışıq hamıya kələk gəlir və nəhayət, yeganə planı olan evlilik aktını gerçəkləşdirir. Doğrudur, biz onu görmürük, amma bütün detalları ilə təsvirini eşidirik. Əslində, bu təfsir-təsvirə sərf olunan vaxtımızı sadə bir mizan ilə şahidliyə də sərf edə bilərdik.
Əlqərəz, Filumenanın ölmədiyini görən Mimi çox qəzəblidir, cilovunu gəmirən at kimi bir yerdə durmur və hər vəchlə ondan boşanacağını deyir. Hətta vəkil tutacağı, qadına bir qəpik pul saxlamayacağı barədə hədələr də edir. Beləcə, birinci hissəni demək olar ki, “boşayacam, boşanmayacam”lara fəda edirik. Bundan sonra rejissor (nə baş verirsə) başdan-ayağa yalançı, fırıldaqçı, əxlaqsız Filumenadan mələk düzəltməyə başlayır. Bəraət də ənənəvidir və pyesdən irəli gələn motivin primitiv fabulasıdır: kasıb məhəllədə ac-yalavac böyüdüyünə görə boyuna fahişəlik biçilən Filumena müqəddəs ruha – Məryəmə itaətə görə atasını belə düzgün təyin etmədiyi uşaqlarını (tələf) tərk etmir. Beləcə, illərlə qurban seçdiyi və həm də özünün qurbanına çevrildiyi kişinin pullarını onun varlığından xəbərsiz oğlanlarına xərcləyir. Ah, lap fədakar ana mücəssəməsi kimi gözlərimizi yaşardır. Bizi də onsuz da əlində plastilin kimi oynatdığı Mimiyə qatıb “oğlanlardan biri sənindir” tapmacası ilə girinc edir. Bu məqamda 80-ci illərin hind filmləri səhnəsi tanqo musiqilərinin fonunda başımızı ovuclarımız arasına sıxacaq qədər ağrıdır.
Baş demişkən, rejissorun əsas qəhrəmanlara vurğu vurmaq, onların baş obraz olduğunu diqqətə çatdırmaq traktovkası əsas obrazlardan heç də geri qalmayan ikinci, üçüncü dərəcəli obrazlara isə əməllicə “zülm edir”.
Xüsusən iribədənli Rozaliya Solimene (L.İmanova) və tamaşa boyu nə etdiyini özü anlamayan sısqa, qocalıqdan əti tökülmüş Alfredo Amorozo (R.Şıxəliyev) səhnəni sadəcə təsvirlərlə doldurdular. Bu mənada vəkil Noçella (C.Novruz), dərzi Terezina (S.Əliyeva), qulluqçu Luçiya (F.Balayeva), dərzinin qızı Ofisiant (X.Novruzlu) özlərini bacardıqca realizə etməyə, dar macalda tamaşaçıya görünməyə çalışdılar.
İki kəlmə də Dianadan (İ.Həsənova) danışaq. Aktrisanın plastikası, özünü səhnədə ifadəsi mükəmməl idi. O, ovsunlayıcı qadın kimi səhnədə nə lazım idisə etdi. Düzdür, müəyyən qeyri-estetik ifratları da var idi və inanıram ki, tamaşaya bir də zaldan baxan rejissor onları korrektə edəcək.
Gələk Filumenanın oğlanlarına – Umberto (E.Qədirov), Rikardo (C.Qafarov) və Mikeleyə (V.Mustafayev). Üçlüyün tandemi yaxşı idi və hər biri xarakterik özəlliklərini yaxşı analiz edib, bölgülərini düzgün, daha doğrusu, bacarıqlarına uyğun müəyyənləşdirmişdilər. Onların əlbəyaxa döyüşün yavaşıdılmış kino kadrını andıran parçaları baxımlı və dinamik alınmışdı. Bunu tamaşaçı da yaxşı qarşıladı və alqışladı.
Şadlıq evini xatırladan tərtibat, ümumi dəbdəbəni və ev sahibinin xarakterini göstərən, bir növ italyan üslubuna vurğuya hesablanan həll və musiqiləri nəzərə almasaq, səhnədə müxtəlif ləhcə və üslublarda danışıq və intonasiyalar hadisələrin qonşu məhəllələrin birində baş verdiyinə inam yaradırdı. Bilmirəm, bəlkə bu da tamaşanın, daha doğrusu, ana xəttin tərkib hissəsi idi. Amma, bütün hallarda gözəlim məmləkətimizin müxtəlif bölgələrinin şivələrini (Bəsti Cəfərova xaric) bu şəkildə səhnədən duymaq çox kədərlidir. Buna daha çox güldürmək, daha cəsarətli, daha sərbəst görünməyə işarə üçün eyham və hərəkətlər ilə vulqarlıq elementlərini əlavə edib, keçək baş qəhrəmanlara.
Xalq artistləri Bəsti Cəfərova və Ramiz Novruz nəinki akademik teatrın, ümumən milli teatrımızın seçilən, öz üslubu və ifadə formaları ilə qəbul edilən sənətkarlarıdır. Heç kimə sirr deyil ki, onlar səhnəni ələ almaq, obrazların dilindən hadisə və gedişlərin təsir gücünü özünəməxsus keyfiyyətləri ilə daha da möhkəmləndirmək kimi bir fitrətə sahibdirlər.
Yaşının müəyyən mərhələni adlamasına rəğmən səhnədə hələ də cazibədar olan Bəsti Cəfərova, tamaşaçısı ilə sözün bütün yaxşı mənalarında oynamağı bacaran Ramiz Novruz bu oyuna bacardıqları qədər, hətta fiziki imkanlarından da qat-qat artıq güc itirdilər. Bu yaşda bu tempdə oyunu, açığı, onlardan gözləmirdim də.
Sadəcə və təəssüf ki, yaş və bədən faktoru elə incə, elə sadə detallarda görünürdü ki, ümumi obrazdan asılı qalmaq, ilkin təəssüratının qalması üçün mütləq gözlərini yummağa məcbur olurdun.
Bu məqamda “sənət etikası” fikri ətrafında düşündüm. Sənətdə, səhnədə etika estetikadan da vacib məqamdır və məncə, rejissorlar tamaşa hazırlayıb, film çəkərkən, xüsusən baş rol ifaçıları ilə işləyərkən bu məqama xüsusi diqqət yetirməli və məhz onlara qarşı ifrat haqsızlığa yol verməməlidirlər. Aktyorları, xüsusən ömrünü işıqlı səhnədə keçirən sənətkarları qorumaq və onları öz “işıq”larında seyrçiyə təqdim etmək lazımdır.
...Yazı monoloq təsiri bağışlamasın deyə peşəkar teatrşünas rəyinə də istinad edəcəyəm. Professor Aydın Talıbzadənin tamaşa haqqında yazdığı “İtalyansayağı parazitlər” məqaləsindən bir hissəni əlavə edirəm: “Rejissor dramaturqun Domeniko Sorianoya qurduğu komediya “tələ”sinin süjetini əylənə-əylənə, məzələnə-məzələnə, haradasa lap Mikki Maus ədası ilə hadisələrdən ləzzət ala-ala “tutub gedir”, gedə-gedə səhnə kompozisiyalarında emosional coşqunu artırır, aktyorların oyununu məqamı yetişdikcə iri planda “böyüdür”, onlara solo ifalarla yadda qalmağa şərait yaradır və camaata azərbaycanlıların milli-əxlaqi dəyərlərilə uzlaşan qutsal, lakin bəlli və aydın mesajlar ötürməyə çalışır. Əgər azərbaycanlıların ürəyini ələ almaq istəyirsənsə, onlara valideyn – övlad sevgisindən danış, ana fədakarlığından danış, övladların doğma yurda dönüşündən danış: həməncə kövrələcəklər, yumşalacaqlar, məsumiyyət dənizində qərq olacaqlar...”.
Həmidə Nizamiqızı