Sərginin adı kimi posteri də maraqlı idi. “Ailə” adlı tikmə nümunəsi olan əsərdə kişi, qadın və uşaq təsviri vardı. Müəllif özünəməxsus intibah realizmi tərzində ailəsini əks etdirmiş, öz reallığını əbədiyyət kontekstinə köçürmüşdü. İnsanın olum ilə ölüm arasındakı bəzən uzun, bəzən də an qədər qısa ömürlüyünün rənglərə, saplara, ilmələrə, parçalara, kətana, kağıza ən fərqli formalarda köçünü, nüfuzunu həzin musiqi müşayiət edirdi...
Azərbaycan Milli Xalça Muzeyində aprelin 19-da açılan və tam iki ay davam edəcək “Bir taleli iki insan” adlı sərgidə mərhum rəssam, fərqli ruh və sənətkarlıq duyumuna malik Ucal Haqverdiyev və onun sənət sevdasını öz ömründə yaşadan həyat yoldaşı Yelena Haqverdiyevanın əl işləri nümayiş olunur.
Muzeyin direktoru, sərginin kuratoru Şirin Məlikova açılış nitqində hər iki müəllifin bənzərsiz rənglər dünyası barəsində iştirakçılara məlumat verdi. Bildirdi ki, Ucalı hamı böyük istedada malik rəngkar, monumentalist, incə rəsmlər yaradan qrafik kimi tanıyırdı. Yelena da fərdi dəst-xətti ilə seçilən, öz estetikasını kəşf edən istedadlı rəssamdır.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığından danışdılar.
Çıxışlardan sonra iştirakçılar fərqli yaradıcılıq üslub və formalarında bir-birindən maraqlı işlərə tamaşa etdilər.
İki rəssamın ümumilikdə 54 rəngkarlıq və tətbiqi sənət əsərinin yer aldığı sərgidə Əməkdar rəssam Yelena Haqverdiyevanın Səfəvi saray xalçalarını, ov və bağ səhnələrini xatırladan təsvirlərini – mənzərələri, natürmortları, sevgililərin obrazları ilə zəngin “Xalça bağları” silsiləsini xüsusilə qeyd etməliyəm.
Sərgiyə tamaşa edənlər çoxşaxəli yaradıcılığa malik olmuş Ucal Haqverdiyevin istedadının yeni tərəflərini də özləri üçün kəşf etdilər. Rəssamın ilk dəfə nümayiş olunan bədii tikmələri, keramika məmulatları, ağac və daş üzərində işləri onun kiçik materiallar üzərində necə böyük bir məna və təsvir yükünə malik işlər yarada bildiyini göstərirdi.
Ucal Haqverdiyevin əsərləri arasında müqəddəslərin ikonoqrafiyası, həyat yoldaşı Yelenanın İtaliya İntibahı üslubunda yaratdığı portretləri, süjetli səhnələr və böyük modernist rəssamların əsərləri ilə assosiasiya doğuran kompozisiyalar da maraqla izlənilirdi. Diqqəti çəkən bir başqa məqam isə müəllifin keramika və ağacdan hazırlanan əsərlərinin böyük əksəriyyətində heyvan təsvirlərinin yer almasıdır. Ən əsası isə onların hər birində təbiətin bütün gözəlliklərinə sirli, ilk baxışdan duyulmayan semantika ilə işarə verməsidir.
Hündür, iriölçülü tablolar, monumental rəngkarlıq əsərləri yaradan və onların hər birində minimalist detalları ustalıqla həkk edən U.Haqverdiyevin digər yanda sərgilənən xırda tikmələrini, keramik təsvirlərini, zərgər dəqiqliyi ilə olan əl işlərini seyr etmək qəribə bir təzad da yaradırdı. Digər tərəfdən, onun bu cür xırda, lakin böyük əmək, vaxt və səbir tələb edən tikmələrə niyə meyil etməsi maraqlı gəlirdi. Özlüyümdə onun izahını da verdim: insanın yaratmaq qüdrəti sonsuzdur və bunun üçün, sadəcə, özünü tanımalı və hiss etməlidir. Düşünürəm ki, bu yaradıcı hədd yalnız əsl rəssama, yaradıcılıqla nəfəs alan insana xas keyfiyyətdir.
Sərgidə müəllifin yekunlaşmamış əl işləri – xristian-pravoslav dini mövzulu monumental freskaları da maraqla qarşılandı.
Tamaşaçılar Yelenanın yeni rəngkarlıq silsiləsini də diqqətlə izlədilər. “Xalça mənim üçün ancaq utilitar (praktik, tətbiqi) əşya deyil, o qoruyucu funksiyaya malikdir. Xalça evi bəzəməklə yanaşı, həm bədbəxtlikdən, bəd ruhlardan qoruyur. Məni ilhamlandıran həm çox qiymətli XVI əsr Səfəvi saray xalçalarıdır, həm də müxtəlif tayfaların damğalı xalçaları, həm də bizim nəslimizdə çox müxtəlif assosiasiyalar yaradan sovet dövrünün maşın xalçalarıdır” deyən müəllifin incə, fərdi və olduqca maraqlı üslubu xoş, nikbin bir əhval yaradırdı. Müəllifin “Xalça bağları” silsilə əsərləri xüsusilə maraq doğurdu.
Hər iki rəssamın istedadının fərqli aspektlərini bəlkə də ilk dəfə tamaşaçı ilə belə yaxın və uzunmüddətli məsafədən görüşdürən sərginin açılış mərasimində layihə çərçivəsində 3 dildə hazırlanmış “Bir taleli iki insan” adlı kataloq da təqdim olundu.
İyunun 19-dək ziyarət üçün açıq olan sərgi çərçivəsində mühazirələr, ustad dərsləri təşkil ediləcək. Düşünürəm ki, həyat və sənət yolları birgə şaxələnən və hər biri ayrı-ayrılıqda özünü rəngkarlıq və tətbiqi sənətin müxtəlif növlərində təsdiq edən sənətkarların “Bir taleli iki insan” dialoqunu “dinləmək”, izləmək və zövq almaq məqamıdır...
Həmidə Nizamiqızı