Dahi şairin adını daşıyan park gözəl istirahət ünvanıdır
Şəhərləri parksız təsəvvür etmək mümkün deyil. Böyüklərin dincəlmək, uşaqların əylənmək üçün üz tutduqları belə məkanlar həm də şəhərlilərin, kiçik də olsa, canlı təbiətlə ünsiyyəti üçün qiymətlidir. Onsuz da təmiz, oksigenlə bol hava çatışmazlığı meqapolislərin ən böyük problemlərindədir...
Parkların əhəmiyyətini diqqətə çatdırmaq və nadir təbiət landşaftlarını qorumaq məqsədilə hər il “Parklara yürüş günləri” aksiyası keçirilir. Bu aksiya ilk dəfə 1990-cı ildə ABŞ-ın Milli Parklar və Təbiəti Mühafizə Assosiasiyasının təşəbbüsü ilə reallaşıb. 22 aprel isə dünyada Yer Günü (Earth Day) kimi qeyd olunur. İlk dəfə 1970-ci ildə ABŞ-da qeyd edilən bu tarix 2009-cu ildə BMT Baş Assambleyası tərəfindən beynəlxalq gün kimi təsdiq olunub. Bundan sonra “Parklara yürüş günləri” aksiyası daha geniş vüsət alıb.
Ölkəmizdə də əhalinin istirahətinin təmin olunması məqsədilə park sahələrinin genişləndirilməsi diqqətdə saxlanılır, paytaxtda və bölgələrdə yeni məkanlar istifadəyə verilir, mövcud parklar yenidən qurulur. Bakıda ən böyük belə məkanlardan biri ötən ilin sonunda yenidənqurma işlərindən sonra istifadəyə verilən Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkıdır.
“Parklara yürüş günləri” ərəfəsində fotoqrafımızla dahi şairin adını daşıyan məkanı ziyarət edərək yaradılan şəraitlə yaxından tanış olduq.
Öncə qeyd edək ki, XIX əsrin sonlarında Nobel qardaşları tərəfindən salınmış parkın müstəqillik dövrünə qədər müxtəlif adları olub. 1991-ci ildən isə park dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır.
Hələ 2019-cu ilin noyabr ayında reportaj hazırlamaq məqsədilə park ərazisində yerləşən Nobellərin Ev-Muzeyinə gəlmişdim. O zaman ərazini park adlandırmaq belə çətin idi. 1922-ci ildə rəsmi park statusu alan və bir vaxtlar “Luna Park” adı ilə məşhur olan ərazi uzun illər baxımsız qalmışdı. Ətraf ərazilərdə yaşayan sakinlərin sevimli istirahət məkanı olan parkda əsaslı yenidənqurmaya zərurət yaranmışdı. Bu məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli sərəncamı ilə həllini tapdı. Sərəncamdan sonra parkda yenidənqurma işləri aparıldı. Dekabrın 30-da parkın əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular. Böyük Nizami Gəncəvinin adı ilə şərəflənən 2021-ci ilin sonunda park sakinlərin istifadəsinə verildi.
Yenilikləri ilə gözoxşayan məkan
Bakının Xətai rayonunda 11,2 hektar ərazisi olan parkda paytaxt sakinləri və şəhərimizin qonaqlarının maraqlı istirahəti üçün hər cür şərait yaradılıb.
Şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə parkın ərazisində yerləşən bir və iki mərtəbəli inzibati binalarda da əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.
Parkın ərazisində diqqəti cəlb edən amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı da yenidən qurulub. Bu məkan həm də 1955-ci ildə lentə alınan “Bəxtiyar” filmindən maraqlı fraqmentləri yadımıza salır. Bəli, bu həmin kinoteatrdır ki, Hüseynova bacılarının çıxışı, həmçinin Rəşid Behbudovun məşhur “Üzüyümün qaşı firuzədəndir...” mahnısını ifa etdiyi hissə burada çəkilib.
Aparılan son təmir işləri zamanı yay kinoteatrının qarşısında çay daşlarından qədim tipli yeni qala divarı tikilib. Parkın ərazisindəki süni göl də ziyarətçilərin qəlbinə bir rahatlıq bəxş edir. Təxminən 6 min kvadratmetr sahəsi olan göl və gölün ətrafında qoyulan, amfiteatr təsiri bağışlayan kiçik oturacaqlar ərazidə istirahət üçün ən ideal yerlərdən biridir.
Burada həmçinin iki fəvvarə kompleksi və müasir tipli işıqlandırma sistemi yaradılıb. Parkda yaşıllaşdırma işi xüsusi zövqlə həyata keçirilib. Minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkilib. Bu da təbiət qoynunda kitab oxumağı sevən gənclər üçün gözəl fürsətdir.
Parkda təmir aparılarkən uşaqlar da unudulmayıb. Belə ki, parkın yuxarı hissəsində uşaqlar üçün əyləncə kompleksi, meydançalar yaradılıb, müxtəlif idman qurğuları yerləşdirilib. Meydançanın divarlarında həkk olunan Nizami Gəncəvinin əsərləri əsasında çəkilmiş rəsmlər isə məkana xüsusi gözəllik bəxş edir.
Hər kəsin üzündə məmnunluq var...
Biz parka çox gözəl məqamda, təbiətin canlandığı bir vaxtda getmişdik. Sanki dağətəyi bir ərazidə meşəyə üz tutmuşduq. Xeyli sayda insan parkda istirahət edirdi. Ailəsi və yaxınları ilə istirahət edən kim, dostları ilə gəzən, yaşıllıqda oturaraq parkın gözəlliyini seyr edən kim...
Parkda yaradılan şəraitin həm balacaların, həm də böyüklərin ürəyincə olduğu aydın sezilirdi. İnsanların üzündə bir məmnunluq hiss olunurdu. Bu məmnuniyyəti dillərindən eşitmək üçün onlardan bəzilərinin təəssüratlarını öyrəndik. Sakinlər parkın yenidən təmir edilməsinə və ərazidə yaradılan belə gözəl şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildirdilər.
Parkın ətrafında yaşayış binaları çoxluq təşkil edir. Sakinlər asudə vaxtlarında gəlib burada istirahət edir, onun gözəlliyindən zövq alırlar. Səhman Hüseynov parka yaxın ərazidə yaşayır. Parkın açılışından sonra fürsət tapdıqca bura gəlir: “Demək olar ki, hər gün parkda gəzirəm. Bu gün də oğlumla parkı gəzməyə gəlmişik. Burada yaradılan şəraiti çox bəyənirik. Ərazidə qurulan fəvvarə kompleksi parka xüsusi gözəllik verib. Parkın yenidən yaradılmasında əməyi olan hər kəsə təşəkkür edirəm”.
Parkdakı şəraitə ən çox sevinən isə, şübhəsiz ki, uşaqlardır. Havalar isindiyindən buraya gələn uşaqların sayı da artıb. Məktəbli Nurlan parkı o qədər bəyənib ki, ərazidən ayrılmaq istəmir. Dərsdən sonra parka gələrək uşaqlar üçün ərazidə yaradılmış əyləncə kompleksi, oyun meydançalarında, doyunca istifadə edir.
Paytaxtın Xətai rayonunun Nobel prospektində yerləşən Nizami Gəncəvi parkı dincəlmək, asudə vaxtını səmərəli keçirmək üçün ideal məkanlardan biridir. Düşünməyin ki, təkcə uşaqlar bu məkana bağlanırlar, doğrusu, elə biz də parkdan ayrılmaq istəmirdik...
Nurəddin Məmmədli
Foto: Həbib Hüseynov