Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzinin (MEMİM) və Şəki Regional Mədəniyyət İdarəsinin (RMİ) birgə təşkilatçılığı ilə Zaqatala şəhərində “Şuşa İli” çərçivəsində müxtəlif məzmunlu maarifləndirici tədbirlər keçirilib.

Gənc mədəniyyət işçilərinə motivasiya təlimi ilə başlayan tədbirdə uğurun sirlərinə dair fikir mübadiləsi aparılıb. Uğur hekayəsini bölüşən təlimçilər əldə olunan nailiyyətlərin məqsədyönlü fəaliyyətə bağlı olduğunu diqqətə çatdırıblar.

“Mədəniyyət sahəsində liderlik” mövzusunda debatda gənc mədəniyyət işçiləri öz fəaliyyətlərində rastlaşdıqları çətinliklərin həlli yolları barədə fikirlərini bölüşüblər.

Silsilə tədbirlər çərçivəsində Zaqatala Tarix-Mədəniyyət Qoruğunda gənc mədəniyyət işçiləri arasında “Cıdır düzü” adlı intellektual yarışma da təşkil olunub. Bilik yarışmasında Balakən, Qax, Oğuz, Şəki və Zaqatala rayonlarının mədəniyyət müəssisələrinin gənc əməkdaşları iştirak ediblər. Qalib Şəki komandası olub.

Bədii hissədə ölkəmizdəki multikulturalizmin nümunəsi olan bölgənin müxtəlif xalqlarının rəqsləri və mahnıları təqdim olunub, şeirlər səslənib, yerli rəssamın sərgisinə baxış keçirilib.

Tədbirin yekununda MEMİM-in direktoru Səadət Xələfbəyli və Şəki RMİ-nin rəisi vəzifələrini müvəqqəti icra edən Tərlan Nəsibov iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu tipli tədbirlərin mədəniyyət sahəsinə verə biləcəyi töhfələri vurğulayıblar.