Bu boyda dünyada, bu ucsuz-bucaqsız ənginlikdə insanlar təkdir. Əslində, hər yer, hər yön insana çıxsa da, yenə də hamı təkdir. Sanki bütünlükdə Yer üzündə bir tək insan var və onun da ətrafı tənhalıqla çəpərlənib. Özü də insanların məhkum etdiyi, rəva gördüyü tənhalıqla...
Təxminən bir saat ərzində əzab çəkən Müamiləçinin (Sələmçinin), əslində, öz içində çoxdan ölən, özünü hələ illər əvvəl ən uca yerdən yerə çırpıb didik-didik olan insanın sonuncu ümidinə şahidlik idi bu oyun. O, nə dedi? Heç nə, sadəcə insan kimi, hiss edərək yaşayın, sevin, sevilin və bir-birinizə zamanında sevginizi etiraf edin. Ən azı onun kimi 5 dəqiqə gecikməyin əzabını daşımayın...
Ötən həftə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük rus yazıçısı Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşanı izlədim.
Xalq artisti, Prezident təqaüdçüsü Cənnət Səlimovanın quruluş verdiyi tamaşanın ideya müəllifi Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
Əsərin tərcüməçisi və tamaşada yeganə qəhrəmanın ifaçısı Əməkdar artist, “Qızıl Dərviş” və “Zirvə” mükafatları laureatı Şövqi Hüseynov, səhnə və geyim üzrə tərtibatçısı Qabil Gözəlovdur. Tamaşanın musiqisində Alfred Şnitkenin “Uçuş” simfonik əsərindən istifadə olunub.
İnsan duyğularının fərqli təlatümlərdəki vəziyyətini sadə və təbii detallarla nümayiş etdirən tamaşada zamanın qəddar qanunlarından törəyən müxtəlif hadisələr bütün çılpaqlığı ilə göstərilir.
Tamaşa boyu qəhrəman qarışıq hamını bir sual düşündürür: “O qadın axı niyə öldü?...” Bu ağır sual ətrafında hissləri tüstü bacasında boğulan adam kimi çırpınan Sələmçi (müəllif) və onun ruhunu, əzab dolu bəraət və müqavimətini bizə ustalıqla çatdıran aktyor (oyunçu) tamaşaçını da özünə qatıb bu sadə mətləbə dolanbaclı yozum ilə izah verdi: gecdir. Özü də bu gecikmə Utancaq qız və Sələmçinin faciəsi yox, ümumilikdə hər zaman bir-birinə gecikən adamların ağrısıdır.
“Utancaq qız” müəllifin həcm etibarilə kiçik olmasına rəğmən daim maraqla oxunan əsərlərindəndir. Dəfələrlə ekranlaşdırılan nümunə teatr səhnələrində də kifayət qədər yozum görüb. Biz burada məzlum, yetim, azyaşlı bir qızın acınacaqlı həyat hekayəsini dinləyib (əslində həm də görüb) müdaxilə edə bilməməyin əzabını yaşayırıq. Lap Sələmçinin özü kimi.
Valideynlərini erkən itirən bu qızcığazın həyatda tutuna biləcəyi yeganə doğmaları xalalarıdır ki, onlar da zavallını incidir, hətta pul müqabilində özündən çox-çox yaşlı dul bir kişiyə satmağı düşünürlər. Bu məqamda Sələmçi bir qəhrəman kimi peyda olur və əvvəllər də onun müştərisi olan qızcığaza elçi düşür, beləcə, bir-birindən başqa seçimi, çarəsi olmayan cütlük evlənirlər.
Diqqət etsəniz, insanların, insanlığın imtina etdiyi keçmiş hərbçi Sələmçi də bədbəxtdir və qızcığazdan çox onun özünün xilasa ehtiyacı var. Xəsis, ömrü pul kisəsi ilə müştərilərinin əlləri arasındakı alverdə keçən adamın işıqlı arzuları da var: lazım olan pulu yığıb insanlardan uzaq yerə – bir sahil qəsəbəsinə köçüb, oğul-uşağa qarışmaq, qayğısız yaşlanmaq.
Amma bütün bunlara rəğmən onlar xoşbəxt ola bilmirlər. Qız xilaskarına nifrət edir və sonda özünü pəncərədən ataraq bütün yarımçıq duyğularının üzərindən xətt çəkməyi bacarır. Beləcə yenidən natamam hisslərin içində qıvrılan Sələmçini əbədi peşmanlıq ilə tək qoyur.
Tamaşa bəyaz geyimli, dalğın saçlı qızın iri pəncərədən tullanması ilə (eyniadlı filmdən kadr) başlayır. Səhnənin ortasındakı tabutun qarşısında dayanan kişi çox çaşqın, kədərli və həm də qəzəlidir. Bu qarışıq hisslərin içərisində özünə və tamaşaçısına ən çox hiss etdirdiyi peşmanlığıdır.
O, bütün hekayəti danışır və bu zaman göz yaşları, ağrı, etiraf, bəraət, məsumiyyət kimi tamamilə təzadlı duyğuların içində qıvrılır. Özünün və qurbanının həyatını nəfəsi kəsilə-kəsilə nəql edir. Maraqlıdır ki, rəvayətçi öz adını çəkmir.
Hekayə ümumilikdə Dostoyevskinin despot ər və sınmış arvad, bu nümunədə cəllad və qurban haqqında fikirlərinin növbəti mərhələsi də sayıla bilər. Bununla müəllif həm də dövrün reallıqlarını göstərmək istəyir: insanlar yaşamaq üçün təkcə bədənlərini yox, həm də duyğularını satırlar. Sonda isə heç nə qazanmırlar. Əksinə, ümidlərini də itirib, tamamilə müflisləşirlər.
Dostoyevskinin bu ağır dilemmasının öhdəsindən ustalıqla gələn rejissor tamaşaçını əsas etibarilə müşahidəçi qismində saxlayır. Ta özləri prosesə “qoşulanadək”. Bəli, yalnız bu təmasdan sonra onun eksperimenti başlayır: öz monoloqunu, sadəcə, özünə de.
Əlavə effekt və təsirlər (işıq, musiqi, tərtibat) haqqında demək olar ki, düşünməyən, bütün gücünü canlı dekorasiyasına (aktyoruna) verən rejissor nə istədiyini yaxşı bilir. Elə aktyor da. Oynamır, oyuna o prizmadan baxmır. Sələmçinin əzablarını Utancaq qızın gözlərində gördüyü kimi “göstərir”, sonra isə duyğularını sələmə qurban verən qəhrəmanın məşəqqətini “hərraca” çıxarır. İnsafən, yaxşı qiymətə də “satır”.
“Məni rədd etdiniz, ey insanlar, yəni nifrətlə, susqunluqla qovdunuz və bütün həyatım boyu bu təhqiri hiss etdim. Buna görə də özümü sizdən qoruyacaq divar qurdum. Amma yenə də onu uçurdunuz” deyərkən sanki tamaşaçısını var gücü ilə silkələyir, yaddaşını təzələyir.
Dostoyevskinin bütün əsərlərində fərqli vəziyyətlərdə verdiyi “Xeyir ilə şər arasındakı sərhəd haradadır” sualına cavab axtarılan tamaşada usta gedişlə və çox sakitcə “Fərdin və bütün cəmiyyətin qəlbində” cavabı verilir...
Həmidə Nizamiqızı