Azad edilmiş ərazilərdə yaşayış məntəqələri layihələndirilir

 

İşğaldan azad edilmiş Laçın, Qubadlı, Zəngilan, Ağdam, Füzuli, Xocavənd, Kəlbəcər və Cəbrayıl rayonları üzrə 21 yaşayış məntəqəsinin layihələndirilməsi işləri üçün keçirilən tenderə yekun vurulub. Dövlət Satınalmaları elektron portalında yer alan məlumata görə, tenderin ümumi məbləği 11 milyon manatdır.

Laçın rayonunun Qorçu qəsəbəsi (420 min manat) və Şəlvə (297 242 manat), Güləbird (295 min manat) kəndlərinin, Ağdam rayonunun Xıdırlı (470 min manat), Kəngərli (325 min manat), Sarıcalı (290 min manat), Cəbrayıl rayonunun Şükürbəyli (378 424 manat), Horovlu (387 370 manat) kəndlərinin və Xudafərin qəsəbəsinin (185 min manat) layihələndirilməsinə başlanılıb.

Tenderdə həmçinin Qubadlı rayonu üzrə Zilanlı (335 min manat), Xanlıq (380 min manat), Mahruzlu kəndlərinin (360 min manat), Zəngilanın Məmmədbəyli (339 999 manat), Cahangirbəyli (330 min manat), Şuşa rayonunun Daşaltı kənd yaşayış məntəqəsinin (250 min manat) layihələndirilməsi nəzərdə tutulub.

Kəlbəcərin Zar (365 800 manat), Zallar (310 min manat), Yanşaq (270 min manat) kəndləri, Füzuli rayonunun Pirəhmədli (460 min manat) və Dədəli kəndləri (490 min manat) bu siyahıya daxildir.

Layihələndirmə üzrə ən böyük məbləğ Xocavənd rayonunun Hadrut və Tuğ qəsəbələrinin və ətraf kəndlərin bərpası ilə bağlıdır. Bu tenderlər üzrə qaliblərlə 2,242 milyon və 2,1 milyon manat həcmində müqavilə imzalanıb.

Qeyd edək ki, tenderlərin qalibləri “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu, “Qala Group” MMC, “Feniks-AA” MMC, “Bureau Mühit” MMC, Türkiyənin “REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri” şirkətinin Azərbaycandakı filialı və BİMD QSC seçilib.