Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Şuşa İli” ilə əlaqədar silsilə tədbirlərə start verilib. Akademiyanın Musiqi sənəti kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın mədəniyyət mirvarisi” adlı tədbir keçirilib.
Tədbirdə BXA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elmira Pənahova, Tədris şöbəsinin müdiri, dosent Yeganə Tapdıqova, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, kafedra müdirləri, müəllim və tələbə heyəti iştirak edib.
Musiqi sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhsən Əhmədov, kafedranın müəllimi Səbinə Əliyeva çıxış ediblər. Azərbaycanın dilbər guşəsi olan Qarabağın tarixi, mədəniyyəti, aşıq və muğam məktəbinin görkəmli nümayəndələri, ədəbi-musiqi məclisləri, tarixi abidələri haqqında söz açılıb.
Videoçarx vasitəsilə Xalq artisti Təranə Muradovanın ifasında təqdim edilən “Uzundərə rəqsi”, BXA-nın bakalavr pilləsinin xalq çalğı alətləri ixtisasının II kurs tələbələrinin (tarda Fuad Süleymanov, kamançada Nihad Məmmədov, nağarada Nizami Mehdizadə) müşayiəti ilə Əhsən Əhmədovun ifasında canlı səslənən “Qarabağ şikəstəsi”, “Rast” muğamından parça və “Şuşanın dağları” mahnı kompozisiyaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbir kafedranın baş müəllimi Lalə Hüseynlinin, təqdim edilən musiqi kompozisiyaları ixtisas müəllimləri Orxan Zeynalov, Əli Quliyev və Xəyal Abbasovun iştirakı ilə hazırlanıb.