Hikmət Hacıyev: “Tarixi-mədəni irsimizin tanıdılmasında birgə fəaliyyət, bədii və sənədli filmlərin çəkilişi, ortaq nəşrlərin hazırlanması mühüm addımlardır...”

 

13-15 may tarixində İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 4-cü toplantısı keçirilib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi ilə baş tutan tədbirdə ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Toplantıda çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun qeyd edib ki, şanlı Zəfərlə nəticələnən Qarabağ müharibəsi dövründə göstərdiyimiz həmrəylik sosial mediada da özünü büruzə verdi. Biz informasiya cəbhəsində Azərbaycanla birgə mübarizə apardıq. Nəticədə şanlı Zəfərin qazanılmasına töhfəmizi verdik.

Bu tədbirin mövcud əməkdaşlıqları daha da inkişaf etdirəcəyini deyən F.Altun bildirib ki, TDT yarandığı gündən ötən 13 il ərzində təkmilləşərək beynəlxalq quruma çevrilib. Dövlət rəhbərlərimiz təşkilatın inkişafı və birliyi istiqamətində mühüm addımlar atıblar. Ölkələrimizin birliyinin daha da möhkəmləndirilməsinə töhfəmizi verməliyik. Media sahəsinin inkişafı isə bu sahəni təmsil edənlərin əlindədir.

F.Altun deyib: “Xüsusilə sosial mediada dezinformasiya ilə mübarizə toplantımızın əsas mövzularındandır. Təəssüflə qeyd etmək istərdim ki, biz bu dezinformasiyaya məruz qalan ölkələrdən biriyik. Bu çağırışla birgə mübarizə və onun qarşısının alınması hər birimiz üçün çox vacibdir. Burada, eyni zamanda, televiziya və film sahəsi üzrə birgə layihələrimizin təkmilləşdirilməsi məsələləri də müzakirə olunacaq. Türkiyənin kommunikasiya modelinin türk dünyasına inteqrasiyası barədə addımların atılması nəzərdə tutulur. Türk coğrafiyasında son zamanlar baş verən mənfi hadisələr türk birliyinin vacibliyini bir daha ortaya qoydu. Biz xüsusilə rəqəmsal platformalarda insanlığa xidmət edəcək yeni layihələri inkişaf etdirmək əzmindəyik. Dəyişməyən tək amil həqiqətdir və biz bunun qorunması üçün əlimizdən gələni edəcəyik”.

2021-ci ilin təşkilatın tarixində çox əhəmiyyətli il olduğunu deyən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev vurğulayıb bildirib ki, bunun əsas səbəbi İstanbul sammitində Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi olub. Həmin sammitdə “Türk dünyasına baxış 2040” sənədi qəbul edilib ki, burada, digər sahələrdə olduğu kimi, media və informasiya sahəsində də ölkələrimiz arasında əməkdaşlıqla qarşıya çox ciddi vəzifələr və tapşırıqlar qoyulub.

Türk Dövlətləri Təşkilatına uğurlu sədrlik etdiyi üçün Türkiyə dövlətinə minnətdarlığını bildirən Azərbaycan Prezidentinin köməkçisi ötən il keçirilən media forumunu xatırladaraq, onun ölkələrimiz arasında media sahəsi üzrə təkcə rəhbər şəxslərin görüşü deyil, eyni zamanda, qurumlar arasında əməkdaşlıq baxımından da səmərəli olduğunu bildirib.

Liderlərimiz tərəfindən qarşımıza qoyulan məqsədlərin, sadəcə, əməkdaşlığa deyil, xalqlarımızın mənəvi yaxınlaşmasına da töhfə verdiyini diqqətə çatdıran Hikmət Hacıyev ölkələrimizə qarşı aparılan dezinformasiya və saxta xəbər təbliğatlarının bu gün də davam etdiyini deyib.

“Azərbaycanın müstəqilliyinin ilk günlərindən biz bu kimi hücumlara məruz qalmışıq. Xüsusilə 44 günlük Qarabağ müharibəsində biz hibrid, psixoloji müharibənin bütün elementləri ilə üz-üzə qaldıq. Bütün digər sahələrdə olduğu kimi, Azərbaycan və Türkiyə mediasının birgə fəaliyyəti, birgə səyləri sayəsində haqq və ədaləti dünyaya çatdırmağa nail olduq”, – deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

İnformasiyanın ölkələr arasında rəqabətin, mübarizənin ən mühüm alətlərindən birinə çevrilməsi müasir dövr üçün bu sahədə əməkdaşlığın nə dərəcə vacib istiqamət olduğunu göstərdiyini vurğulayan H.Hacıyev bildirib ki, Azərbaycanın tarixi və əzəli torpaqlarının 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal müddətində, həmçinin Vətən müharibəsinin 44 günlük gedişatında bu reallıqların şahidi olduq. Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərindəki dağıntılarla bağlı obyektiv həqiqətlərin dünya mediasına daha səmərəli çatdırılması məqsədilə TDT-ya üzv və müşahidəçi dövlətlərdən 30-a yaxın media nümayəndəsinin iştirakı ilə 2021-ci il avqustun 30-dan sentyabrın 4-dək Azərbaycana xüsusi mediatur təşkil edildi. Mediatur çərçivəsində qonaqların Gəncəyə və işğaldan azad edilən ərazilərimizə – Şuşa, Cəbrayıl, Füzuli və Ağdama səfərləri təşkil olundu.

44 günlük Vətən müharibəsində Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə Türkiyəyə bir daha təşəkkür edən H.Hacıyev müharibə dövründə erməni lobbisinin informasiya sahəsində ölkəmizə qarşı təxribatlarının qarşısının alınmasında, saxta xəbərlərlə mübarizədə və Azərbaycanın haqq səsinin çatdırılmasında göstərdiyi dəstəyə görə Fahrettin Altuna və bütün Türkiyə mediasına da minnətdarlığını bildirib.

Azərbaycan-Türkiyə Media Platformasının fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin bütün təkliflərə açıq olduğunu bildirən Prezidentin köməkçisi vurğulayıb ki, biz TDT-dəki digər qardaş və dost ölkələrlə də informasiya və media sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq.

Müasir dövrün ən vacib informasiya alətlərindən birinin sosial media olduğunu vurğulayan H.Hacıyev deyib: “Sosial media platformalarında ölkələrimizə qarşı mənfi tendensiyaların, informasiya təxribatlarının, yalan məlumatların yayılmasının qarşısının alınması üçün bu sahədə əməkdaşlığımızın və fəaliyyətimizin əlaqələndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu mənada, sosial mediada birgə fəaliyyətimizin əlaqələndirilməsi üzrə işlək və çevik mexanizmlərin yaradılması faydalı olar. Bu məqsədlə zəngin tarixi və mədəni irsimizin, görkəmli şəxsiyyətlərimizin dünyada tanıdılması istiqamətində birgə fəaliyyət, bədii və sənədli filmlərin çəkilişi, şair və yazıçılarımızın əsərlərindən ibarət ortaq nəşrlərin hazırlanması, beynəlxalq media tədbirlərində birgə iştirak mühüm addımlardandır”.

Azərbaycan Prezidentinin köməkçisi Türk Dövlətləri Təşkilatının Audiovizual şuralarının (qurumlarının) ilk forumunun bu ilin sentyabr-oktyabr aylarında Bakıda keçirilməsini təklif edib.

Toplantıya videomüraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, media və kommunikasiya məsələləri, sosial media və dezinformasiya ilə mübarizə siyasi və sosial həyatımızın təmin olunması baxımından həyati əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və böhtanlar bu məsələnin vacibliyini bir daha xatırlatdı və güc birləşməsinin bizim üçün nə qədər zəruri olduğunu göstərdi. Müharibə təkcə meydanda aparılmayıb, yazılı və vizual mediadan sosial mediaya qədər bir çox sahələrdə 44 gün ərzində gərgin mübarizə aparılıb.

Tədbir “Türk dünyasında dövlət diplomatiyasının yüksələn gücü: serial-film sektoru”, “Türk dünyasının rəqəmsal gələcəyi: Metaverse”, “Türk dünyasının gələcəyə ortaq baxışı işığında yayım sektorunda əməkdaşlıq imkanları”, “Həqiqətdən kənar dövrdə dezinformasiya ilə mübarizə” mövzularında panel iclaslarla davam etdirilib.

Toplantıda TDT-yə üzv dövlətlər – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi üzv Macarıstan və Türkmənistanın rəsmiləri iştirak ediblər. Tədbirə rəsmi nümayəndə heyətləri ilə yanaşı, media və kommunikasiya qurumlarının rəhbərləri, ekspertlər, sənətçilər, sosial media fenomenləri, alimlər və iştirakçı ölkələrin müxtəlif təhsil müəssisələrinin kommunikasiya fakültələrinin tələbələri qatılıblar.