Marneulidə ədəbi-bədii gecə

 

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda “Nizami Gəncəvi və Şota Rustaveli” adlı ədəbi-bədii gecə keçirilib. “Şota Rustaveli Günü”nə həsr olunmuş tədbir Gürcüstan Yazıçılar Birliyi (GYB), eləcə də Gürcüstan Mədəniyyət Akademiyası, Şota Rustaveli Cəmiyyəti, İnkişaf və Təhsil Mərkəzi qeyri-hökumət  təşkilatlarının iştirakı ilə reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə Nizami Gəncəvi və Şota Rustavelinin Marneulidəki “Çay evi”nin qarşısındakı barelyefləri önünə gül dəstələri düzüblər. İnkişaf və Təhsil Mərkəzinin layihə rəhbəri Emin Əhmədov və Gürcüstan Mədəniyyət Akademiyasının direktoru David Nesteronko çıxış edərək Nizami Gəncəvi və Şota Rustaveli yaradıcılığından danışıblar.

GYB-nin sədri Mağvala Qonaşvili iki böyük şairin xalqlarımızın dünyaya nümunə göstəriləcək qələm sahibləri olduqlarını vurğulayıb. Qeyd edib ki, onlardan bizə miras qalan əsərlər dünya ədəbiyyatının inciləridir.

Şota Rustaveli Cəmiyyətinin sədri David Şemokledeli çıxışında Gürcüstan-Azərbaycan dostluğunun əsrlərin sınağından keçdiyini bildirib.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin müşaviri Eldar Bayramov bədii gecənin təşkilini yüksək qiymətləndirib və bu cür tədbirlərin ölkələrimizin mədəni əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini deyib.

Tədbirdə ötən il – “Nizami İli”ndə nəşr olunan “Rustaveli və Nizami” kitabı haqqında ətraflı məlumat verilib. Müəllif bildirib ki, kitabda 16 nəfər Gürcüstan və Azərbaycan aliminin məqalələri dərc olunub. Kitabın tərcüməçisi Oqtay Kazımovdur. O.Kazımov kitab barədə söz açaraq vaxtilə M.F.Axundzadə və C.Məmmədquluzadənin əsərlərinin Akaki Sereteli və Məmməd bəy Abaşidze tərəfindən gürcü dilinə tərcümə olunduğunu və bu əsərlərin əsasında tamaşalar hazırlandığını diqqətə çatdırıb.

Ədəbi-bədii gecədə şair İmir Məmmədlinin Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasından etdiyi tərcümələrdən qiraət, M.Maqomayevin ifasında N.Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib. “Gürcüstan haqqında nəğmə” canlı ifa edilib.