Xızı rayonun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə Orta əsrlərə aid olan qala qalıqları tapılıb.

Qədim tikili qalıqları Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin mütəxəssisləri və “Artefakt ovçuları” vətəndaş təşəbbüs qrupu tərəfindən aşkarlanıb.

Tarixi məkanın üç tərəfi müdafiə məqsədilə qurulan qala divarları ilə əhatə olunub. Bundan əlavə, həmin qayalıqların alt hissəsi gözətçi məntəqəsi kimi xidmət edən mağaralardan ibarətdir. Tapıntı yerində müxtəlif rəngli saxsı nümunələrə də rast gəlinib. Abidənin dövlət qeydiyyatına alınması və mühafizəsinin təşkili üçün işlərə başlanılıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni tapıntı ilə bağlı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müraciət edəcək.

N.Məmmədli