Lənkəran RMİ Lənkəran şəhər Mədəniyyət Mərkəzində rəssam Şöhrətdin Səbziyevin “Qayıdış” adlı fərdi sərgisi təşkil olunub. Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov rəssamın həyat və yaradıcılığı haqqında geniş məlumat verib, incəsənət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə rəssama fəxri fərman təqdim edib. Sərgi mayın 27-dək ziyarətçilər üçün açıq olacaq.

Ağstafa RMİ Tovuz rayon Heydər Əliyev Mərkəzində “Virtual Qarabağ” İKT Mərkəzinin istehsalı olan “Mübariz İbrahimov” animasiya filmi nümayiş olunub. Film torpaqlarımızın suverenliyi və azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman Mübariz İbrahimovun həyatı və şərəfli döyüş yolundan bəhs edir.

Bərdə RMİ rəisi vəzifəsinə yeni təyin olunan Vəsilə Möhsümova Tərtər rayonunda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub. RMİ rəisi və rayonun icra başçısı Müstəqim Məmmədov Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçiriblər. Sonra Heydər Əliyev Mərkəzinə və Mədəniyyət Mərkəzinə baş çəkən idarə rəisi tapşırıq və tövsiyələrini verib.

İsmayıllı RMİ Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev-Muzeyinin təşkilatçılığı ilə rayon Uşaq-gənclər inkişaf mərkəzində görkəmli maarifpərvər şair Mirzə Ələkbər Sabirin (1862-1911) 160 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəbliləri arasında bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqədə I, II, III yerə layiq görülən şagirdlərə fəxri fərman və hədiyyələr təqdim edilib.

Şəki RMİ Zaqatala rayon Heydər Əliyev Mərkəzi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Müasir Azərbaycanın banisi” adlı şeir qiraəti və mahnı müsabiqəsinin qalibləri müəyyənləşib. Şeir üzrə müxtəlif yaş qruplarında rayon Humanitar Fənlər Gimnaziyası, şəhər 1 saylı və Faldar kənd tam orta məktəblərin şagirdləri Pərizat İsayeva, Məhəmməd Qaziyev və Ləman Kərimova birinci yerə layiq görülüblər. Mahnı müsabiqəsində isə akademik Zərifə Əliyeva adına liseyin şagirdi Aytac Quliyeva, Yuxarı Tala kənd 2 saylı tam orta məktəbin şagirdləri Məcid Ramazanlı və Elton Balayev qalib adını qazanıblar.

Ağdaş RMİ Göyçay rayon Mərkəzi Kitabxanasında görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717-1797) 305 illik yubileyi ilə əlaqədar “Gözəllik və həqiqət şairi” adlı tədbir keçirilib. Tədbirdə Vaqifin qoşma və qəzəllərindən nümunələr səsləndirilib.

Nurəddin Məmmədli