Sumqayıt RMİ, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi və “Qanun” nəşrlər evinin təşkilatçılığı ilə kitab sərgi-yarmarkası keçirilib.

Sumqayıt şəhərindəki “Kimyaçı” Mədəniyyət sarayının qarşısında, açıq havada keçirilən sərgidə 30-dan artıq nəşriyyat, 10-dan çox kitab evi iştirak edib. Kitablara 50 faizədək endirim tətbiq olunub.

Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev sərginin kitabın təbliğatı, mütaliəyə olan marağın artırılması üçün mühüm bir təşəbbüs olduğunu vurğulayıb.

Milli Məclisin deputatları Müşfiq Məmmədli, Aqil Abbas, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, “Qanun” nəşrlər evinin təsisçisi və rəhbəri Şahbaz Xuduoğlu, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin sədri Şəmil Sadiq, yazıçılar Əlisa Nicat, Seyran Səxavət, Cəlalə Nəzəroğlu və digərləri çıxış edərək nəşriyyat-informasiya sahəsinə dövlət qayğısından, həmçinin cəmiyyətin mədəni-intellektual inkişafında və savadlı gəncliyin yetişməsində kitabın, mütaliənin vacibliyindən söz açıblar.

Sərginin “Qarabağa kitabla gedək!” stendində işğaldan azad olunan regionlarımızda yaradılacaq kitabxanalar üçün kitablar toplanılıb.

Tədbirdə incəsənət ustaları və regional idarəyə tabe olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzi filiallarının özfəaliyyət kollektivləri konsert proqramı təqdim ediblər.

N.Məmmədli