Dünya şöhrətli həmyerlimiz xüsusi proqramla Bakıda səfərdədir

 

15-20 may tarixlərində Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda “Dmitri Sitkovetski ilə görüşlər” adlı silsilə tədbirlər keçirilir. Doğulduğu şəhərə xüsusi həssaslıqla yanaşan dünya şöhrətli violin ifaçısı bir həftə ərzində yaradıcılığının fərqli sahələri ilə bakılı musiqisevərlərin mədəni həyatını rəngləndirəcək.

Dmitri Sitkovetski mayın 15-17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tələbələr üçün ustad dərsləri keçib.

Tədbirlər proqramına həmçinin YARAT Müasir İncəsənət Mərkəzində “XX əsrin dahi pianoçusu Bella Davidoviç” adlı videomühazirə, Dmitri Sitkovetski ilə Azərbaycan Bəstəkarlar İttifaqında görüş, sənətkarın Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Kamera Orkestri ilə birgə çıxışı, Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Violin incəsənətinin qızıl əsri” adlı elmi mühazirə də daxildir.

Qeyd edək ki, D.Sitkovetskinin iştirakı ilə ustad dərsləri və mühazirələr Mədəniyyət Nazirliyinin musiqi sahəsində təşkil etdiyi təlim proqramının bir hissəsidir. İl ərzində həmçinin digər tanınmış musiqiçi və pedaqoqların ustad dərslərinin təşkili nəzərdə tutulur.

Hazırda Londonda yaşayan məşhur violin ifaçısı, dirijor Dmitri Sitkovetski Bakıda musiqiçi ailəsində anadan olub. O, dünya şöhrətli pianoçu Bella Davidoviçin oğludur. İlk musiqi təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) nəzdində xüsusi istedadlar üçün açılmış məktəbdə alıb.