Mədəniyyət Nazirliyi və “Mədəniyyət şəbəkələr evi” (“Cultural Network House”) assosiasiyasının birgə təşkilatçılığı ilə “Ustad dərsləri” layihəsinə start verilib.

Layihə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayevin rəhbərliyi ilə 11 may – 29 iyun tarixlərində həftədə iki dəfə olmaqla həyata keçiriləcək.

Layihənin məqsədi Azərbaycan milli musiqisi və milli musiqi alətlərinin uşaqlar arasında geniş təbliğini gerçəkləşdirməklə onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək, uşaqların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.

Ustad dərsləri üçün seçim turu 1-30 aprel tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin tar, kamança, qanun, balaban, nağara ixtisası üzrə təhsil alan şagirdləri arasında keçirilib.

Mayın 11-də L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbində ustad dərsləri başlanıb.

Dərsləri uğurla keçən şagirdlərin Toğrul Əsədullayev ilə birgə konsert proqramı nəzərdə tutulub.  Sonda şagirdlərə sertifikatlar təqdim ediləcək.