Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Şuşa – qürurum mənim!" devizi ilə ssenari müsabiqəsi elan edib.

İttifaqdan bildirilib ki, təqdim olunan ssenarilər Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq mübarizəsini, arxa cəbhədə çalışanların  fədakar əməyini, Şuşa şəhərinin Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı kimi müstəsna önəmini əks etdirməlidir.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

 

– 18-30 yaşadək bütün gənclər müsabiqəyə ssenari təqdim edə bilər.

– Müsabiqəyə bədii, qısametrajlı film ssenariləri qəbul olunur.

– Təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.

– Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.

– Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır (şrift Courier New, ölçü 12).

– Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.

– Müəllif ssenari ilə birgə tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi və iki fotoşəkil təqdim etməlidir.

– Bir müəllif 1 (bir) ssenaridən artıq təqdim edə bilməz.

– Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

 

Ssenarilər mayın 19-dan iyulun 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.(Bakı şəhəri, Bülbül prospekti, 18-30, 2-ci mərtəbə).

Müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti ssenariləri məxfi seçim yolu ilə qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq. Ssenarilərin ekranlaşdırılması nəzərdə tutulur.

Müsabiqədə birinci yerin sahibinə 2500, ikinci yerə layiq görülən ssenari müəllifinə 1800, üçüncü yerin müəllifinə isə 1000 manat pul mükafatı veriləcək. Həvəsləndirici mükafatlar da nəzərdə tutulur.