Mayın 17-də Əzim Əzimzadənin Mənzil-Muzeyində Beynəlxalq Muzeylər Gününə (18 may) həsr olunmuş "Muzeylərimiz xəzinədir" adlı tədbir keçirilib.

Tədbir Məmməd Səid Ordubadinin Xatirə Muzeyi, Əzim Əzimzadənin Mənzil-Muzeyi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Tələbə Gənclər Təşkilatı və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Əzim Əzimzadənin Mənzil-Muzeyinin direktoru İradə Əzimzadə tədbiri açaraq mədəniyyət ocağının yaranma tarixindən danışıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev muzey əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, keçmişimizi özündə əks etdirən muzeylər gələcək nəslin tərbiyəsində böyük əhəmiyyət daşıyan mədəniyyət ocaqlarıdır.

Xalq rəssamı Arif Hüseynov, M.S.Ordubadinin Xatirə Muzeyinin direktoru Lalə Abaszadə, "Aytam" İB-nin rəhbəri Aygün Zamanlı və digər qonaqların çıxışları dinlənilib.

Sonra DİA-nın tələbələri musiqi nömrələri və şeirlər təqdim ediblər. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dizayn fakültəsinin tələbələri öz əsərlərini nümayiş etdiriblər.

Tədbir Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının səsləndirilməsi ilə başa çatıb.

Nurəddin