Xəbər verdiyimiz kimi, Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” elan olunmuşdu. Biz də bu il “Muzeylərin gücü” mövzusuna həsr olunan əlamətdar gündə paytaxtımızın bir neçə muzeyini ziyarət etdik.

İlk olaraq Muzey Mərkəzində yerləşən Azərbaycan İstiqlal Muzeyində olduq. Direktor Sədi Mirseyibli qeyd etdi ki, “açıq qapı” günündə muzeyi 700-ə yaxın qonaq ziyarət edib. Muzeyə gələn qonaqlar həm muzeyin daimi ekspozisiyası, həm də “Şuşa İli”nə həsr olunmuş “Şuşa, sən azadsan!” adlı sərgi ilə tanış olublar. Sərgidə təsviri və tətbiqi sənət nümunələri və Vətən müharibəsinin şəhid mayoru Vüsal Vəliyev, digər şəhidlər – XTQ-nin giziri Rəşad Babayev, əsgəri Cavid Hüseynov, digər əsgərlər Samir Paşayev və Şaiq Kəlbiyevə məxsus, muzeyin fondlarında qorunub saxlanılan 130-a yaxın müxtəlif şəxsi əşya, sənəd və fotoşəkillər nümayiş olunub.

Direktor bildirdi ki, muzeydə “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı da təqdim olunub. Azərbaycan İstiqlal Muzeyi və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən konsert proqramında 4 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Cəbrayıl rayon 7 illik Musiqi məktəbi, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllim və şagirdləri musiqi nömrələri və rəqsləri ilə muzey ziyarətçilərinin mənəvi zövqünü oxşayıb.

***

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və muzeyin filialları olan Niyazinin Mənzil-Muzeyi, Vaqif Mustafazadənin Ev-Muzeyi və Qara Qarayevin Ev-Muzeyi də əlamətdar gün münasibətilə “açıq qapı” elan etmişdi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Qurbanova bildirdi ki, “açıq qapı” günündə muzeyə və filiallara ümumilikdə 5000-ə yaxın ziyarətçi gəlib.

 

“Xan qızı” ədəbi-bədii kompozisiyası

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Beynəlxalq Muzeylər Gününə məxsusi hazırlaşmışdı.

Muzeyin elmi katibi Aytən Məmmədova qeyd etdi ki, “açıq qapı” günündə muzeyi 350 nəfər ziyarət edib. Həmin gün ziyarətçilərə “Xan qızı” ədəbi-bədii kompozisiyası təqdim olunub. Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə Bakı Bələdiyyə Teatrının təqdim etdiyi kompozisiya “Şuşa İli”nə və Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr edilib. Xalq artisti Mərahim Fərzəlibəyovun quruluş verdiyi kompozisiya Xalq yazıçısı İlyas Əfəndiyevin uzun illər Azərbaycan teatrının səhnəsində uğurla oynanılmış “Xurşidbanu Natəvan” pyesinin motivləri əsasında hazırlanıb.

Qonaqlar Qarabağ mövzusunda əsərlərə çəkilmiş geyim və dekorasiya eskizlərindən ibarət sərgi ilə də tanış olublar. Ziyarətçilər sonda muzey əməkdaşları tərəfindən hazırlanmış videoçarxı izləyiblər.

***

Əlamətdar gün münasibətilə İçərişəhərdə Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Tahir Salahovun Ev-Muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Yeraltı hamam və Bakı Fotoqrafiya Evini də ziyarət etdik. Sözügedən mədəniyyət ocaqları da “açıq qapı” aksiyasına qoşulmuşdular. Şəhərimizin sakinləri və xarici turistlər yaradılmış bu fürsəti maksimum dəyərləndirməyə çalışırdılar.

***

Azərbaycan Milli Xalça Muzeyində əsl “açıq qapı” hiss olunurdu, qələbəlik idi. Pandemiya səbəbindən iki ilə yaxın muzey və qalereyalara həsrət qalan ziyarətçilər sanki bu ayrılığın əvəzini çıxmağa çalışırdılar.

Muzeyin mətbuat katibi Ülvinə Fərzəliyeva məlumat verdi ki, “açıq qapı” günündə 3000-ə yaxın qonaq muzeyi pulsuz olaraq ziyarət edib.

Onu da qeyd edək ki, mayın 20-də Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Danışan abidələr” fotosərgisi açılacaq. Sərgidə Qarabağda erməni işğalı dövründə dağıdılmış muzey və tarixi-mədəni abidələrimizin fotoları nümayiş etdiriləcək. Əməkdar rəssam Yelena Haqverdiyeva tekstil vitrajların hazırlanması, Əməkdar rəssam Taryer Bəşirovla çətən üzrə ustad dərsləri keçəcək.

***

Baş çəkdiyimiz daha bir ünvan Azərbaycan Milli İncəsənət Muzeyi oldu. Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəfiqə Quliyeva dedi ki, “açıq qapı” günündə muzeyi 4500-dən çox qonaq ziyarət edib.

Qeyd edək ki, mayın 18-də muzeydə Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İsveçin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə “Muzeydə gecə” aksiyası da keçirilib.

 

“Danışan” eksponatlar rəqəmsal təqdimatda

 

Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” devizi altında keçirildiyindən Abdulla Şaiqin Mənzil-Muzeyi rəqəmsallaşdırma və əlçatanlıqda innovasiyaların gücünü əsas tutaraq “Danışan” eksponatlar rəqəmsal təqdimatda” adlı tədbir təşkil etmişdi. Tədbirin qonaqları əsasən Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin müəllim və tələbələrindən ibarət idi.

Muzeyin əməkdaşları eksponatların maraqlı tarixçələrini Abdulla Şaiqin özünün qələmindən çıxan xatirələri ilə dilləndirdilər və həmin eksponatlar tədbir iştirakçılarına rəqəmsal formatda təqdim olundu.

 

Gənc rəssamların Tarix Muzeyində pleneri

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Muzeyin “SABAH”-ı” adlı layihə çərçivəsində tədbir keçirildi. Layihənin iştirakçıları Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət və dizayn ixtisasları üzrə oxuyan və təhsil göstəriciləri ilə fərqlənən “SABAH” qruplarının tələbələri idilər.

Gənclər gün ərzində canlı şəkildə muzeyin müəyyən olunmuş zallarında ixtisaslarına uyğun olaraq təsviri sənət sahələri üzrə əl işləri hazırladılar.

Layihənin kuratoru, muzeyin əməkdaşı Zümrüd İsmayılova bildirdi ki, hər il olduğu kimi, bu il də əlamətdar gün münasibətilə muzeyimizə çoxsaylı ziyarətçilər gəlməkdədir: “Yaş kateqoriyasına uyğun olaraq ekspozisiyalara maraq da müxtəlifdir. Layihə çərçivəsində tələbələrin əl işləri də maraqla seyr edilir. Tələbələrin çöhrələrindəki məmnunluq isə onların muzeylə əməkdaşlıqdan zövq almalarının göstəricisidir”. Günorta saatlarında muzeydə olmağımıza rəğmən artıq 2000-dən artıq ziyarətçinin siyahıdan keçdiyinin şahidi olduq. Onların arasında sadə vətəndaşlar, məktəblilərlə yanaşı turistlər də vardı.

Muzeyin içində yaradılan Hacı Zeynalabdin Tağıyevin Ev-Muzeyinə hədsiz marağı müşahidə etdik. Müəllim və valideynlə gələn məktəblilərin sualları da diqqətimizdən qaçmır. Hər bir eksponat və əşya haqqında əlavə məlumat almaq istəyən uşaqlar bəzən bir eksponata dəqiqələrlə, diqqətlə nəzər yetirirlər. 

Muzeyə gələnlər arasında Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) direktor müavini Lalə Dadaşova da vardı. O, muzeyin özəlliyindən söz açır, buradakı hər bir eksponatın tariximizi öyrənmək, mədəniyyətimizi təbliğ etmək baxımından əhəmiyyətini qeyd edir. Bildirir ki, bu gün muzeyə axın edən məktəblilərin əksəriyyəti RUGİM-in 18-24 may tarixində “Məktəblilər üçün muzey həftəsi” layihəsinin iştirakçılarıdır. Layihə çərçivəsində “Şuşa İli” – Zəfərimizin tarixi” adlı interaktiv proqrama start verilib. Proqram Təhsil Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyi, AMEA, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı və RUGİM-in təşkilatçılığı ilə icra edilir.

 

Cabbarlı yaradıcılığı səyyar sərgidə

 

Cəfər Cabbarlının Ev-Muzeyinin təşkilatçılığı ilə böyük dramaturqun həyat və yaradıcılığını əks etdirən səyyar sərgi 2 saylı Tibb Kollecində təqdim olundu.

Qeyd edək ki, hazırda təmirdə olan və qapılarını ziyarətçilərə aça bilməyən muzeylər üçün bu səyyar sərgini nümunəvi təcrübə adlandırmaq olar. Sərgidə muzeyin ekspozisiyasında olan və daşına bilən eksponatlar kollecin kollektivinə nümayiş etdirilirdi. Muzeyin böyük elmi işçisi Gülnarə Əlibalayeva kollecin müəllim və tələbə heyətinə muzeyin ekspozisiyası haqqında ətraflı məlumat verdi və eyni zamanda tələbələri maraqlandıran sualları cavablandırdı.

Sərgi ilə tanışlıqdan sonra tədbirin ikinci hissəsi dramaturqun əsərləri haqqında məlumat və bədii hissə ilə davam etdi. Kollecin direktoru Dilarə Məmmədəliyeva qonaqları salamlayaraq muzeyin təşəbbüsünü alqışladı, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar bütün muzey işçilərinə təbriklərini çatdırdı.

Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru Qəmər Bağırova, Azərbaycan Milli Konservatoriyasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy böyük dramaturqun yaradıcılığı haqqında düşüncələrini bölüşdülər. Tədbirdə ədibin şeirləri səsləndirildi, sözlərinə yazılmış mahnıların lent yazıları dinlənildi.

***

L. və M.Rostropoviçlərin Ev-Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə bir sıra tədbirlər həyata keçirib. Xəbər verdiyimiz kimi, mayın 14-də muzeyin təşkilatçılığı ilə “Dəniz Mall”da keçirilən “Klassik  musiqi fləşmobu” böyük maraq doğurmuşdu.

Mayın 18-də isə muzeydə  “açıq qapı” günü elan olunub. Muzeyə gələn qonaqlara üç dildə ekskursiya keçirilib. Ekskursiyadan sonra ziyarətçilər Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri İ.Kərimli (violin), A.Şirinova (violonçel) və N.Cəfərlinin (fortepiano) ifasında Q.Qarayevin “Fikirli”, M.Musorqskinin “Göz yaşı”, F.Sücəddinovun “Vətən balladası” və s. əsərləri dinləyiblər. Qonaqlar “Klassik  musiqi fleşmobu”nun videogörüntülərini də maraqla izləyiblər.

***

Beynəlxalq Muzeylər Günü ilə bağlı Bülbülün Memorial Muzeyində də tədbir keçirilib. Muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayıb, əlamətdar günün tarixindən söhbət açıb. Tədbir Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin konsert proqramı ilə davam edib.

***

Əzim Əzimzadənin Mənzil-Muzeyində isə mayın 17-də “Muzeylərimiz xəzinədir” adlı tədbir keçirilib. Tədbir Məmməd Səid Ordubadinin Xatirə Muzeyi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Tələbə-gənclər təşkilatı və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Əzim Əzimzadənin Mənzil-Muzeyinin direktoru İradə Əzimzadə mədəniyyət ocağının yaranma tarixindən danışıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev muzey əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib.

Xalq rəssamı Arif Hüseynov, M.S.Ordubadinin Xatirə Muzeyinin direktoru Lalə Abaszadə, “Aytam” İB-nin rəhbəri Aygün Zamanlı və digər qonaqların çıxışları dinlənilib. Tələbələr bədii proqram təqdim ediblər.

***

İnanırıq ki, qarşıdakı illərdə işğaldan azad olunmuş şəhər və rayonlarımızda mənfur düşmənin viran qoyduğu, eksponatlarını taladığı muzeylərimiz yenidən qurulacaq, Qarabağ və Şərqi Zəngəzurun tarixi-mədəni zənginlikləri, şanlı Zəfərimizin və işğalın sübutları olan eksponatlar ziyarətçilərə təqdim ediləcək.

N.Məmmədli
L.Azəri