Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə mayın 19-da Yasamal rayon Heydər Əliyev Mərkəzində “Könüllərdə yaşayan Natəvan” adlı tədbir keçirilib. Tədbir görkəmli şair, rəssam, xeyriyyəçi Xurşidbanu Natəvanın (1832-1897) 190 illik yubileyinə həsr olunub.

Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, baş idarənin rəisi İbrahim Əliyev iştirak ediblər.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Lətifə Məmmədova Xurşidbanu Natəvanın həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Nizami, Füzuli və Nəvai kimi nəhəng sənətkarların yüksək poetik ənənəsindən ilhamlanan Natəvan, XIX yüzillikdə Azərbaycanda yazıb-yaradan qadın şairlərin ən istedadlı nümayəndəsi kimi şöhrət qazanıb.

Digər çıxış edənlər Natəvanın Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarından olduğunu vurğulayıb, onun şeirlərinin yer aldığı kitablar haqqında söz açıblar.

Şairənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbəsi Səma Həmzəyevanın ifasında Xurşidbanu Natəvanın “Qərənfil” romansı, “Evləri var xana-xana” xalq mahnısını səsləndirilib.