Mayın 21-də saat 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operasının tamaşası keçiriləcək.
"Riqoletto" Verdi yaradıcılığının ən dəyərli nümunələrindən biri hesab olunur. Operanın librettosu Viktor Hüqoqun "Kral əylənir" dramının süjeti əsasında qələmə alınıb.
Bakı səhnəsində tamaşaçılar bu operanı hər zaman maraqla qarşılayırlar. Budəfəki tamaşada əsas partiyanı (Riqoletto) ifa etmək üçün Serbiyadan Belqrad Milli Operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Matiç Draqutin dəvət olunub.
Hersoq rolunda Azərbaycanın Əməkdar artisti Ramil Qasımov çıxış edəcək. Cilda partiyasını Əməkdar artist, Prezident mükafatçısı İnarə Babayeva ifa edəcək. Tamaşada həmçinin Xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov, Əməkdar artistlər Səbinə Vahabzadə, Tural Ağasıyev, solistlər Fəhmin Əhmədli, Nina Makarova və Rza Xosrovzadə iştirak edəcəklər.
Tamaşanı Xalq artisti, dirijor Fəxrəddin Kərimov idarə edəcək.