Gənclərin teatra marağını artırmaq, onlarda səhnə sənətlərinə sevgi yaratmaq üçün uğurla davam edən “Mədəni gənclik” layihəsi iştirakçıları bu dəfə Akademik Milli Dram Teatrında olublar. Tələbələr mayın 20-də layihə çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya baxıblar.
Teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemətovun quruluş verdiyi tamaşada görkəmli bəstəkar Qara Qarayevin vaxtilə bu səhnə əsəri üçün yazdığı musiqi yeni versiyada təqdim edilir. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri Əməkdar artist Anar Heybətov oynayır. Digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur, Əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Mətləb Abdullayev, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və Firuzə Balayeva məharətlə canlandırıblar.
Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini təcəssüm etdirə bilirlər.
“Mədəni gənclik” layihəsinin iştirakçıları tamaşadan öncə Akademik Milli Dram Teatrının səhnə arxası ilə də tanış olublar. Gənclər, beləcə, tamaşa ilə yanaşı ümumən teatr prosesi barədə təəssürat əldə ediblər.
Onu da qeyd edək ki, mayın 24-də “Mədəni gənclik” layihəsinə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ev sahibliyi edib. Tələbələr rejissor Samir Qulamovun quruluşunda “Paris Notr Dama ithaf” tamaşasına baxıblar. Layihənin davamı olaraq gənclər teatr mövsümünün sonunadək daha bir neçə səhnə nümunəsini izləyəcəklər.