Gəncə RMİ, Gəncə Şəhər İcra Hakimiyyəti, Türkiyənin Gəncədəki Baş Konsulluğu, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Türkiyənin dövlət bayramı – Atatürkü Anma, Gənclik və İdman Günü (19 may) ilə bağlı tədbir keçirilib.

Xan bağında gerçəkləşən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikolos İaşvili, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar Gəncə Uşaq rəssamlıq məktəbi yetirmələrinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirib, müxtəlif idman oyunlarına tamaşa ediblər.

Baş konsul Zeki Öztürk çıxışında Atatürkü Anma, Gənclik və İdman Gününün tarixindən danışıb. Qeyd edib ki, 19 may 1919-cu ildə Mustafa Kamal Atatürk bir qrup silahdaşı ilə İstanbuldan Samsuna gəlib və Qurtuluş savaşına başlayıb. Qurtuluş savaşı Türkiyənin Antanta dövlətləri tərəfindən işğalına son qoyulması və 1923-cü ildə Cümhuriyyətin qurulması ilə başa çatıb. Atatürk bu Zəfərə təməl olan 19 mayı bayram olaraq gənclərə ərməğan edib.

Tədbirin bədii hissəsində Gəncə şəhər Uşaq incəsənət məktəbinin “Xəmsə” nağaraçalan qrupu, “Gəncə qönçələri” rəqs ansamblı, Gəncə Dövlət Filarmoniyası “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı solistlərinin bir-birindən maraqlı rəqs və musiqiləri tamaşaçıların zövqünü oxşayıb.

Nurəddin