Quba rayonunda dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə ənənəvi yəhudi evi bərpa olunacaq. Layihəni Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-ın, İsrailin ölkəmizdəki səfirlikləri və Dağ Yəhudilərinin İrsi Mərkəzi həyata keçirəcək.
Mayın 23-də layihənin başlanması ilə əlaqədar mərasim təşkil olunub. Qəsəbədəki Dağ Yəhudiləri Muzeyinin qarşısında keçirilən tədbirdə Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, ABŞ və İsrail səfirləri Örl Litzenberqer və Corc Dik çıxış ediblər.
Ziyəddin Əliyev çıxışında Qubanın tarixi, müasir inkişafı, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında söz açıb. Vurğulayıb ki, ölkəmizdəki multikulturalizm ənənələrinin bariz nümunələrindən birini bu qəsəbədə görmək olar.
Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov bildirib ki, bu gün Azərbaycan bütün regionda sülh, əməkdaşlıq, multikulturalizm dəyərlərini təbliğ edir. Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərlərinin dünyada təbliği ilə yanaşı, həm ölkəmizdə, həm də Azərbaycandan kənarda müxtəlif dinlərin qardaşlığı, xalqların dostluğu ilə bağlı çoxsaylı layihələr həyata keçirib. S.Məmmədov qəsəbədə reallaşacaq layihənin əhəmiyyətini vurğulayaraq buranın gələcəkdə qonaqpərvərliyin bir nümunəsi kimi təqdim olunacağını deyib.
ABŞ səfiri Örl Litzenberqer Azərbaycanda mədəni müxtəlifliyin bariz nümunəsi olacaq və turistlərin diqqətini çəkəcək layihədə iştirak etməkdən məmnunluğunu ifadə edib: “Tolerantlıq sadəcə, bir-birimizin fərqliliklərini anlamaq deyil. Bu müxtəliflikləri qeyd etmək və bəşəriyyətin dəyərləri olan bu fərqlilikləri qucaqlamaqdır. Mən fəxr hissi duyuram ki, ABŞ və İsrail Azərbaycanın dostları kimi bu ölkənin zəngin tarixinə, əsrarəngiz təbiətinə, gözəl insanlarına dəstək olur. Heydər Əliyev Fonduna həm Azərbaycanda, həm də ölkədən kənarda gördüyü işlərə görə təşəkkür edirəm...”.
İsrailin ölkəmizdəki səfiri Corc Dik qeyd edib ki, Qırmızı qəsəbə yəhudilərin və azərbaycanlıların birgə yaşadığı icmadır. Buradakı icmanın dünyada oxşarı yoxdur: “Burada yaşayan icma üzvləri istəyirlər ki, qəsəbəyə investisiyalar cəlb olunsun. Bütün bu işlərdə dəstəyini göstərən tərəfdaşlara təşəkkür edirəm...”.
Tədbirin sonunda layihənin icrası ilə bağlı məlumat verilib. Qəsəbədə yüz ildən çox yaşı olan yəhudi evinin bərpasının məqsədi burada etnik və dini mədəniyyəti qorumaq, eyni zamanda, yeni turizm imkanları yaratmaqdır.