Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman Vətən övladlarının xatirəsi daim əziz tutulur, adları əbədiləşdirilir, ailələri ziyarət olunur.

Zaqatala rayonunun Lahıc kəndində Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı olub. Vüsal Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu Lahıc kəndində torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Biləsuvar RMİ-nin rəisi Əlisultan Sadıxov Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbində müəllim olaraq çalışmış Vətən müharibəsi şəhidi Zamin Rəhimovun ailəsini ziyarət edib.

***

Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin M.Ə.Rəsulzadə adına kitabxana filialının əməkdaşları Vətən müharibəsi şəhidi Vüqar Manafovun ailəsinə baş çəkiblər.

Sumqayıt Poeziya evində Vətən müharibəsi şəhidi Vüsal Muradovun doğum gününə həsr edilən “Şəhidlik zirvəsinin 23 yaşlı fatehi” adlı ədəbi-bədii gecə keçirilib.

***

Vətən müharibəsi şəhidi İsmayıl Salmanovun doğum günündə xatirəsinə inşa edilən bulaq komplekslərinin açılışı olub. Şəhidin adını daşıyan bulaq kompleksləri Füzuli rayonu Beşinci Zobucuq qəsəbəsi və Alxanlı kəndində inşa edilib. Beşinci Zobucuq qəsəbəsindəki bulaq kompleksində İsmayıl Salmanovla yanaşı, Vətən müharibəsi şəhidi Elnur Cəfərov və 2016-cı ilin Aprel döyüşlərinin şəhidi Əlvan Hüseynovun da şəkilləri yer alıb.

İ.Salmanov Vətən müharibəsi başlayanda ilk döyüşə atılanlardan olub. Onun döyüş yolu Cəbrayıl, Xocavənd, Füzulidən keçib. Həmlə taborunda snayper olan İsmayıl düşmənin xeyli canlı qüvvəsini məhv edib. O, oktyabrın 24-də Füzuli rayonu ərazisində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb, rayonun Alxanlı kəndində torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

N.Məmmədli