Gənclərin incəsənətə marağının artırılması məqsədilə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Mədəni gənclik” layihəsinin növbəti ünvanı Azərbaycan Dövlət Akademik Musiqili Teatrı olub. Mayın 24-də layihədə iştirak edən tələbələr teatrda “Paris Notr-Dama ithaf” tamaşasına baxıblar.
Tamaşadan əvvəl Mədəniyyət Nazirliyinin əməkdaşı Cəfər Həsənov layihənin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, layihə çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri paytaxtın müxtəlif mədəniyyət ocaqlarında tamaşalar və konsertlər izləyə biləcəklər. Həmçinin kollektivlə görüşəcək, sorğuda iştirak edərək ən çox bəyəndikləri teatrı, tamaşanı və s. qiymətləndirmək imkanı qazanacaqlar.
Sonra fransız yazıçısı Viktor Hüqonun məşhur romanının motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi “Paris Notr-Dama ithaf” tamaşası nümayiş olunub. Tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Səhnə əsəri tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.
Tamaşada “Notre-Dame de Paris” müziklinin müəllifi Riçard Konçiante, məşhur bəstəkarlar Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib. Quruluşçu dirijor və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterlər Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi şair İlqar Fəhmidir.
Rolları Əməkdar artist Nadir Xasiyev, aktyorlar Nicat Əli, Mehriban Zaliyeva, Emin Zeynallı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, Şaban Cəfərov, Murad Əliyev, Ofeliya Məmmədova, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, Cəbrayıl Cəbrayılov, həmçinin xor və balet truppasının artistləri ifa ediblər.
Qeyd edək ki, “Mədəni gənclik” layihəsi çərçivəsində Akademik Musiqili Teatrda ikinci tamaşa iyunun 7-də Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası olacaq.