Osloda caz konserti ilə qeyd olunub

 

Azərbaycanla Norveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Oslonun “Ədəbiyyat evi” mərkəzində caz konserti keçirilib.

Tədbirdə bu ölkədə səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış edib. O, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqdan, neft və qaz sahəsində birgə layihələrdən, əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud imkanlardan söz açıb. Qeyd olunub ki, digər sahələrlə yanaşı, mədəniyyət sahəsində də əlaqələr Norveç-Azərbaycan münasibətlərinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin rolunu oynaya bilər.

Norveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə idarəsinin direktoru Lars Ragnar Aalerud Hansen tədbir iştirakçılarını Azərbaycan dilində salamlayaraq, ölkəmizlə bağlı xatirələrini bölüşüb. O, Azərbaycanın zəngin mədəniyyət, musiqi irsinin olduğunu qeyd edərək ölkələrimiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib, mövcud əlaqələrin dərinləşdirilməsi üçün imkanların olduğunu diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində Əməkdar artist İsfar Sarabskinin caz triosu çıxış edib. Proqramda İ.Sarabskinin bəstələri, tanınmış Azərbaycan və dünya bəstəkarlarının kompozisiyaları səslənib.

Skandinaviya Azərbaycanlıları Norveç üzrə Koordinasiya Şurası tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanın İsveç və Norveçdəki  səfiri Zaur Əhmədov, Norveçin hökumət və ictimaiyyət nümayəndələri də iştirak ediblər.