Mayın 25-də İstanbulda açılan “ACE of MİCE” beynəlxalq turizm sərgisində Azərbaycanın işgüzar turizm imkanları da təqdim olunur. Sərgidə ölkəmizi Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzi, turizm agentlikləri, hotellər, Bakı Konqres Mərkəzi və AZAL daxil olmaqla 13 təşkilat təmsil edir.

Sərgi çərçivəsində Azərbaycanda işgüzar tədbirlər təşkil etməkdə maraqlı olan, eləcə də işgüzar turizm üzrə ixtisaslaşmış şirkət və qurumlarla ikitərəfli görüşlər keçirilir, ölkəmizin bu sahədə potensialı tanıdılır. Beynəlxalq tədbirlərin və biznes görüşlərin keçirilməsi üçün geniş imkanlara malik Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi, Bakı Expo Mərkəzi, həmçinin regionlarda işgüzar tədbirlər üçün müvafiq infrastruktur haqqında məlumatlar verilir.

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) İdarə heyətinin sədri Firuz B.Bağlıkaya ölkəmizin stendini ziyarət edib, iştirakçılara uğurlar arzulayıb.

İşgüzar turizm imkanlarının tanıdılmasında əsas məqsəd beynəlxalq konqres, konfrans, forum və biznes görüşləri kimi tədbirləri ölkəmizə cəlb etməklə, işgüzar məqsədlərlə səfər edənlərin sayının artırılmasına nail olmaqdır. 9-cu dəfə keçirilən “ACE of MİCE” dünyanın üçüncü ən böyük konqres, toplantı və tədbir sərgisi hesab olunur.

İstanbul Konqres Mərkəzində “Türk Hava Yolları” tərəfindən təşkil olunan sərgi mayın 27-də başa çatacaq.