Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə əlaqədar müvafiq addımlar atılır.

2022-ci ilin may ayı üzrə qəbul cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov mayın 26-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinləri ilə görüşüb.

Qəbuldan öncə nazir Anar Kərimov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar.

Mədəniyyət naziri Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və eksponatlara baxış keçirib. Məlumat verilib ki, elektron kitabxana, müxtəlif tədbirlərin keçirilməsi üçün iclas zalının mövcud olduğu mərkəzdə həmçinin 3D kino zalı, rəqs studiyası, kompüter və digər müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir.

Daha sonra Ağdam rayon Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Ağdam, Ağcabədi və Laçın rayonlarından olan sakinlərin müraciətləri əsasən işlə təmin olunma, mədəniyyət müəssisəsinə əlavə ştatların ayrılması və digər məsələləri əhatə edib. Görüşdə vətəndaşlar tərəfindən yerlərdəki incəsənət məktəblərində rəssamlıq ixtisası üzrə tədrisin səviyyəsinin daha da yüksəldilməsi və gənc istedadların üzə çıxarılması ilə bağlı da təkliflər irəli sürülüb.

Anar Kərimov vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.