Uşaq və yeniyetmələrin incəsənətin müxtəlif istiqamətləri üzrə püxtələşməsində xüsusi yeri olan yaradıcı təşkilatlardan biri də Azərbaycan Dövlət Uşaq Filarmoniyasıdır. Mayın 25-də müəssisənin 30 illik yubileyi münasibətilə təntənəli mərasim keçirildi.

Mədəniyyət və incəsənət xadimləri, yaradıcı təşkilatların təmsilçilərinin iştirak etdiyi tədbirdə çıxış edən filarmoniyanın direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva onları təbrikə gələn hər kəsə təşəkkürünü bildirdi.

Vurğuladı ki, yaranıb formalaşma tarixi müstəqillik dövrümüzlə üst-üstə düşən filarmoniya bu müddətdə zəngin və çoxşaxəli inkişaf yolu keçib, onun yetirmələrinin sorağı ölkəmizlə yanaşı dünyanın müxtəlif səhnələrindən gəlir. Direktor dedi ki, professional səhnə üçün kadrların, incəsənətin müxtəlif istiqamətlərində istedadların seçilib yetişdirilməsində baza rolunu oynayan filarmoniya bundan sonra da öz missiyasını layiqincə yerinə yetirəcək.

Yubileylərinin “Şuşa İli”nə təsadüf etməsinin sevinclərini daha da artırdığını deyən D.Əliyeva Vətən övladlarının sənətə sevgi ruhunda tərbiyələnməsində, az da olsa, xidmətlərinin olmasını qürurverici məqam kimi xüsusi vurğuladı.

Kollektivi təbrik edən mədəniyyət naziri Anar Kərimov filarmoniyanın 30 il ərzində Azərbaycan musiqi, rəqs, ifaçılıq sənəti sahələrinə istedadlı və bacarıqlı simalar bəxş etdiyini və bunun sayəsində səhnəmizin daha da gözəlləşdiyini bildirdi.

Mədəniyyətin dövlət və cəmiyyət üçün vacib, strateji sahə olduğunu deyən nazir Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəni daim diqqətdə saxladıqlarını bildirildi. Vurğulandı ki, dəyərlər sisteminin formalaşması, yeni nəsillərin sənətə, mədəni irsimizə sevgi ilə yanaşması, bu sahədə varisliyin davamlı olması, istedadlı və peşəkar kadrların bir-birini uğurla əvəzləməsi üçün mədəniyyətin, incəsənətin bütün istiqamətlərinə diqqət vacibdir.

Mədəniyyətə, bu sahədə çalışan insanlara diqqət və qayğının dövlət siyasətinin təməlində durduğunu bildirən Anar Kərimov ulu öndər Heydər Əliyevin bu məsələyə daim həssas yanaşdığını və mütərəqqi ənənənin dövlət başçısı tərəfindən layiqincə davam etdirildiyini söylədi. Qeyd olundu ki, ölkəmizdə uşaq və yeniyetmələri, müxtəlif sənət sahələrinə meyilli insanları bir araya gətirərək bu sahədə daha da təkmilləşdirən qurumlar sırasında Dövlət Uşaq Filarmoniyasının xüsusi yeri var: “İstedadlı və təhsilli yeni nəsil gələcəyin uğurlu davamçılarıdır. Bu mənada onların mədəniyyətə, sənətə, mənəvi dəyərlərimizə sevgi ruhunda yetişmələrinə birlikdə diqqət yetirməli, dəstəkləməliyik”.

Anar Kərimov filarmoniyanın kollektivinə bu məsuliyyətli işdə uğurlar arzuladı. Filarmoniyanın təmsilçilərindən Cahangir Zülfüqarov, Nigar Zeynalova, Qönçə Mehdiyeva, Leyla Muradzadə, Leyla Aslanova, Elmira Hümbətova, Aysel Mehdizadə və Məlahət Məmmədovaya nazirliyin fəxri fərmanlar təqdim edildi.

Sonra filarmoniyanın nəzdindəki kollektivlərin rəngarəng konsert proqramı təqdim olundu.  “Şəms” uşaq xoru, vokal sinfi, “Musiqili uşaq teatrı”, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivləri, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər maraqlı repertuarları ilə qonaqlara xoş anlar yaşatdılar.

Qeyd edək ki, 1991-ci ildə əsası qoyulan Dövlət Uşaq Filarmoniyası yetişməkdə olan nəslin bədii-estetik inkişafı, uşaqların Azərbaycanın mədəniyyətinə, xalq rəqslərinə, mahnılarına sevgi ruhunda böyüməsi, onların arasından istedadların üzə çıxarılması istiqamətində sistemli iş aparır.

Həmidə