Nazir Anar Kərimov Ağdam rayonunda bir sıra obyektlərə baxış keçirib

 

Mədəniyyət naziri Anar Kərimov mayın 26-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan sonra nazir Ağdam rayonunda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Anar Kərimov əvvəlcə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının fəaliyyəti ilə tanış olub, sonra Ağdam rayon Mədəniyyət Mərkəzinə baxış keçirib. Qeyd edilib ki, Mədəniyyət Mərkəzi 1952-ci ildə Ağdam şəhərində yaradılıb. 1993-cü ildə rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Dövlət Dram Teatrının binasında fəaliyyətini davam etdirir. 

Quzanlı qəsəbəsində Ağdam Dövlət Rəsm Qalereyasına baxış keçirən Anar Kərimov sonra rayon Mərkəzi Kitabxanasına baş çəkib. Burada kitabxananın fəaliyyəti, kitab fondu barədə nazirə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Ağdam rayon Şəmsi Bayramov adına Xındırıstan kənd Uşaq musiqi məktəbinə baxış keçirilib. Bildirilib ki, 1969-cu ildən Ağdam rayon 1 nömrəli Uşaq musiqi məktəbinin filialı, 1982-ci ildən isə müstəqil fəaliyyət göstərən təhsil ocağı üçün 2016-cı ildə ikimərtəbəli yeni bina tikilib. 31 sinif otağı, 110 nəfərlik zal, 6 texniki otağı olan məktəbdə 160 şagird təhsil alır, 57 müəllim çalışır.

Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə gələn nazirə məlumat verilib ki, 1962-ci ildə yaradılan və 2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ağdam şəhəri işğal olunan zaman düşmən tərəfindən məhv edilib. 2001-ci ildən muzey öz fəaliyyətini Qaradağlı kənd Mədəniyyət evinin binasında davam etdirir. Hazırda muzeydə 1300-dən çox eksponat qorunur.

Nazir Anar Kərimov Ağdam rayonu Mahrızlı kəndindəki cəsur əsgər Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin fəaliyyəti ilə də yaxından maraqlanıb. Məlumat verilib ki, Rahib Məmmədov (1967-1987) Sovet ordusu sıralarında hərbi xidməti zamanı Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində təbii fəlakət zamanı öz həyatı bahasına yerli əhalini ölümün pəncəsindən xilas edib. Muzeydə R.Məmmədovun şəxsi əşyaları, onun haqqında materiallar dərc olunan qəzet və jurnallar, eləcə də kitablar sərgilənir. Muzeydə həmçinin Qarabağ döyüşlərində canlarını qurban verən igid oğulların şəxsi əşyaları, məktublar, hərbi geyimlər nümayiş etdirilir. Qeyd olunub ki, döyüş bölgəsində yerləşən Mahrızlı kəndi Vətən müharibəsi zamanı ermənilərin atdığı raket zərbələrinə məruz qalıb. Kəndə atılmış raketlərin parçalanmış hissələri də muzeydə sərgilənir.

Daha sonra nazir Quzanlı qəsəbəsindəki Ağdam Muğam Mərkəzində təşkil olunan konsert proqramını izləyib. Konsertdə “Şur” ansamblının ifasında musiqi nömrələri səsləndirilib.