Mayın 27-də Türkiyənin paytaxtı Ankarada Azərbaycanın milli bayramı, 28 May – Müstəqillik Günü və qarşıdan gələn 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə rəsmi qəbul təşkil olundu.

Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən təşkil olunan qəbulda Türkiyə hakimiyyət orqanlarının rəsmiləri, ölkədə akkreditasiya olunan beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, Türkiyə ictimaiyyətinin təmsilçiləri, qardaş ölkədə yaşayan və çalışan azərbaycanlılar iştirak edirdi.

Tədbirin rəsmi hissəsində Azərbaycanın Türkiyədəki səfiri fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Türkiyənin vitse-prezidenti Fuad Oktay və Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov çıxış etdilər.

Vitse-prezident Fuad Oktay Azərbaycanın müstəqilliyinin 104-cü ili münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbriklərini çatdırdı və Azərbaycanın müstəqillik bayramı sevincinə şərik olduğunu bildirdi.

Fuad Oktay 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin qurucu liderlərindən olan Məhəmməd Əmin Rəsulzadəni hörmətlə yad edərək onun “Bir kərə yüksələn bayraq, bir daha enməz” ifadəsini səsləndirdi və Azərbaycan bayrağının azad və müstəqil şəkildə sonsuzadək dalğalanacağına inandığını vurğuladı.

Türkiyə və Azərbaycanın sarsılmaz mənəvi birliyindən danışan Fuad Oktay bu birliyin bir əsrdən çoxdur davam etdiyini və daha da gücləndiyini bildirdi: “104 il öncə Qafqaz İslam Ordusunda verdiyimiz mücadilə ruhu Qarabağın azad olunması üçün apardığımız birgə mübarizə əzmi ilə davam etdi. Prezidentlərimizin ötən il imzaladıqları Şuşa Bəyannaməsi ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltməklə iradəmizi güclü bir şəkildə ortaya qoyduq. Qarabağda Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtədə işğal dövrünün izlərinin silinməsi, bölgənin bərpası və yüksəlişin təmin edilməsini əsl vəzifəmiz olaraq görürük. “Bir millət, iki dövlət” anlayışı ilə qardaşlığımızın tələblərini yerinə yetiririk. Bu dostluqdan aldığımız güclə bir daha bütün dünyaya bəyan edirik ki, biz eyni xalq olaraq gələcəyə ümidlə baxırıq, bir-birimizdən güc alaraq gələcəyi birlikdə formalaşdırırıq”.

Türkiyədə paytaxt Ankara ilə paytaxt Bakının taleyinin eyni dərəcədə düşünüldüyünü vurğulayan Fuad Oktay çıxışını “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa çox yaşa ey Şanlı Azərbaycan” misraları ilə tamamladı.

Səfir Rəşad Məmmədov çıxışında diqqətə çatdırdı ki, 28 may 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk dəfə çoxmillətli və çoxpartiyalı əsasda yaradılan respublika, ləyaqət, tolerantlıq, qadına hörmət kimi dəyərlər əsasında qurulan dövlət idi. Cəmi 23 ay yaşayan Cümhuriyyətdə dövlət və ordu quruculuğundan bəhs edən səfir “Təəssüf ki, xarici qüvvələrin müdaxiləsi nəticəsində bu gənc dövlət yaşaya bilmədi və sovetlər birliyinin tərkibinə qatıldı” deyə bildirdi.

70 il sonra, 1991-c ilin 18 oktyabrında Azərbaycanın 1918-ci ilin 28 mayında qurulan demokratik respublikanın varisi olduğunu bildirən diplomat torpaqlarımızın bir hissəsində 30 ilə yaxın sürən işğal dönəmində yaşanan çətinliklərdən də bəhs etdi: “Müstəqillik dövrünün ilk illərində ölkəmiz dərin siyasi, sosial böhrana və ərazlərinin Ermənistan tərəfindən işğalına məruz qaldı. 1993-cü ildə ümummilli lider Heydər Əliyev ölkəmizi məhv olunma təhlükəsindən xilas etdi, bugünkü güclü ordunun təməlini atdı və onun uzaqgörən, müdrik siyasətini Prezident İlham Əliyev bu gün uğurla davam etdirməkdədir. Azərbaycan dünyada önəmli yer alan, söz sahibi olan dövlətə çevrilib...”.

Rəşad Məmmədov torpaqlarımızın otuzillik işğalına son qoyulmasında Azərbaycan-Türkiyə dostluğunun, müttəfiqliyinin mühüm rol oynadığını və bu uğurda hər iki ölkə rəhbərinin apardığı siyasətin xüsusi əhəmiyyətini qeyd etdi.

Hərbi attaşe polkovnik Müşfiq Məmmədov ölkəmizdə Silahlı Qüvvələrin formalaşmasından danışaraq bu gün Azərbaycan Ordusunun güc və qüdrətə sahib olmasında Türkiyə dövlətinin də böyük dəstəyi olduğunu bildirdi.

Tədbirin bədii hissəsində Azərbaycan musiqiləri, rəqsləri təqdim olundu. Mərasim iştirakçıları Azərbaycan mətbəxi nümunələrinin dadına baxdılar.

Mehparə Sultanova
Ankara