Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümü münasibətilə Fransadakı diplomatlarımız 1920-ci ildə Azərbaycanın istiqlalının tanındığı Paris Sülh Konfransında (Birinci Dünya müharibəsinin yekunları ilə bağlı) iştirak etmiş, ancaq sonradan Vətənə qayıda bilməyən Cümhuriyyət qurucularının qəbirlərini ziyarət ediblər.

Paris yaxınlığında Sən-Klu (Saint Cloud) qəbiristanlığında uyuyan Xalq Cümhuriyyəti parlamentinin, eləcə də Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun, milli hökumətin rəsmi qəzeti – “Azərbaycan”nın naşiri, nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin xatirəsi yad edilərək, qəbirləri üzərinə əklil qoyulub.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və səfirliyin müşaviri Nigar Hüseynova Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi islahatlardan söz açıblar.

Qeyd olunub ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Xalq Cümhuriyyəti qurucularının əsas məqsədi bu gənc dövləti dünyaya tanıtmaq olub. Elə bu məqsədlə də ilk Azərbaycan nümayəndə heyətinin üzvləri Birinci Dünya müharibəsindən sonra dünyanın taleyini həll etmək məqsədilə çağırılan Paris Sülh Konfransında iştirak ediblər.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan regionun aparıcı ölkəsinə çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa olunub.

Sən-Klu şəhər merinin müavini Jan-Kristof Pyerson Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Əlimərdan bəy Topçubaşovun vaxtilə onların şəhərində yaşamasından qürur duyduqlarını bildirib.

Parisdə Monparnas (Montparnasse) qəbiristanlığında dəfn edilmiş Azərbaycan Parlamentinin, eləcə də nümayəndə heyətinin üzvü Məhəmməd Məhərrəmovun, Paris ətrafında Bobinyi (Bobigny) müsəlman qəbiristanlığında dəfn edilmiş Əkbər ağa Şeyxülislamovun (Cümhuriyyətin ilk hökumətinin ticarət və sənaye naziri, Parlamentin üzvü) xatirələri yad edilərək, onların məzarları üzərinə əklil qoyulub.