Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən Azərbaycan Respublikasının Himninin 30 illiyi münasibətilə videomaterial hazırlanıb.

Videoçarxda “dövlət himni” məfhumu haqqında ümumi məlumat verilir, onun mənəvi, siyasi əhəmiyyəti vurğulanır. Videoçarxda himnimizin qəbul olunması ilə bağlı rəsmi sənədlər, dövlət rəmzləri haqqında məlumat, Azərbaycan himninin yaranma tarixi haqqında faktlar, fotolar yer alıb. Himnin harada və necə səsləndirilməsi qaydaları, mətni və musiqisi də izləyicilərə təqdim olunur.

Qeyd edək ki, 1992-ci il mayın 27-də Azərbaycan Parlamenti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun qəbul edilib. Qanuna əsasən, 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin istiqlal şairimiz Əhməd Cavadın sözlərinə bəstələdiyi “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq olunub.

Videoçarxı bu linkdə izləmək mümkündür: https://www.instagram.com/p/CeDbZRpFyBa/

Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən 28 May – Müstəqillik Günü ilə əlaqədar videomaterial və virtual kitab sərgisi də hazırlanıb. Materiallarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qurucuları haqqında məlumat verilib. Cümhuriyyət dövrü ilə bağlı maraqlı faktlar, sənədlər, foto şəkillər, həmin dövrün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında məlumatlar da diqqətə çatdırılır.