Müstəqillik Günü bizim ən əziz bayramımızdır. Bu bayramı ikiqat bayram edən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bizimlə bərabər olmasıdır.

Prezident İlham Əliyev bu sözləri mayın 28-də Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, 104 il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Cümhuriyyətini qurdu. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi. 90-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və otuz ildir Azərbaycan xalqı müstəqillik yolu ilə gedir: “Bu otuz il ərzində türk qardaşlarımız bizim daim yanımızda olub. Bu gün Türkiyə və Azərbaycan yenə də bir yerdədir”.

Prezident qeyd edib ki, biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bölgə və dünya üçün də çox önəmli faktordur. Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik, güvənlik, sabitlik faktorudur. Türkiyə Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq.

“Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”, – deyə İlham Əliyev vurğulayıb.

Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycanın müttəfiqliyi özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bakıda keçirilən “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir.

Dövlət başçısı bildirib ki, bu festival elm, inkişaf, bilik, texnologiya bayramıdır: “Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar”.

Azərbaycan Prezidenti “TEKNOFEST”in təşəbbüskarı – “Türkiye Teknoloji Takımı” – T3 Fondunun rəhbəri Selçuk Bayraktarı da salamlayaraq deyib: “İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi. Əminəm bir daha gördü ki, Azərbaycan və Türkiyə istənilən qarşıda duran vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız fədakarcasına öz milli qürurunu müdafiə etmək üçün, təmin etmək üçün hər zaman hər bir addıma hazırdır. Və gənclər üçün Səlcuq bəy də gözəl örnəkdir, nümunədir..”.

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Fondunun təşkilatçılığı ilə 2018-ci ildən keçirilir. Bu il Türkiyədən kənarda ilk “TEKNOFEST”ə Azərbaycan paytaxtı ev sahibliyi edir. Festival 26-29 may tarixlərində Bakı Kristal Zalı və onun ətrafında – Dənizkənarı bulvar ərazisində təşkil olunub. Festivalın təşkilatçıları Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.