Lənkəran Regional Mədəniyyət İdarəsi (RMİ), Lerik rayon Mədəniyyət Mərkəzi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Uzunömürlülərin II yaradıcılıq festivalı keçirilib.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda təşkil olunan festivalda çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev bildirib ki, Lerik rayonu Azərbaycanın ən səfalı guşələrindən biridir. Prezident İlham Əliyevin 2010-cu il iyunun 25-də rayona səfəri zamanı Uzunömürlülər Muzeyinin açılışını etməsi onun yaşlı nəslə göstərdiyi diqqət və qayğının nümunəsidir.

Milli Məclisin deputatı İqbal Məmmədov, Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov, Uzunömürlülər Muzeyinin direktoru Dilara Fətullayeva qeyd ediblər ki, dünyada yeganə olan Uzunömürlülər Muzeyinin məhz Lerik rayonunda yerləşməsi təsadüfi deyil. Lerik rayonu nəinki respublikamızda, həmçinin dünyada uzunömürlülərin yaşadığı məkan kimi tanınır.

Uzunömürlülərin II yaradıcılıq festivalı 85 yaşlı aşıq Məhəmmədi Cəbiyevin, rayonun özfəaliyyət dərnəkləri, “Nənələr” və “Rəfti” uzunömürlülər folklor kollektivləri və musiqiçilərinin çıxışlarından ibarət konsert proqramı ilə davam edib.