Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin S.Vurğun adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə uşaq yazıçısı Əziz Sultanın “Zəfər yolunda 44 gün” adlı kitabının imza günü keçirilib.

Sumqayıt şəhərində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri, Vətən müharibəsi şəhidi Şəhriyar Quliyevin doğum günündə “Şəhidlər parkı” istifadəyə verilib. Çıxış edən şəhidin valideynləri təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Daha sonra parkın, eləcə də parkda şəhidlərin xatirəsinə inşa edilən bulağın və 513 şəhidin rəsmlərini əks etdirən lövhənin açılışı olub. Ş.Quliyev 1990-cı il mayın 25-də Ağdamın Cinli kəndində doğulub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində M.Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil alıb. 2008-2009-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən XTQ-nin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində də iştirak edən Şəhriyar Vətən müharibəsi zamanı oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib. “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

***

2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhidlik zirvəsinə yüksələn baş leytenant Nurid Çingiz oğlu Abdullayevin anadan olmasının 30-cu ilində Abşeron rayonunun Qobu qəsəbəsində şəhidin xatirəsinə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib. Tədbirdə çıxış edən qonaqlar, Nurid Abdullayevin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, buna görə Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

***

Qəbələ şəhərində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Əfqan Abdurahmanovun xatirəsinə inşa edilmiş abidə kompleksinin açılışı olub. Abidə şəhidin adını daşıyan Qəbələ şəhər 3 saylı tam orta məktəbin həyətində ucaldılıb. Bu münasibətlə keçirilən tədbirdə məktəblilərin ifasında bədii kompozisiya səsləndirilib.

Vətən müharibəsi şəhidi Coşqun Bayramovun doğulduğu Qəbələ rayon Kiçik Əmili kəndində abidə kompleksi inşa edilib.

Hazırladı: Nurəddin