“Buranın gecəsi ilə gündüzü arasındakı fərq mənim üçün çox maraqlıdır. Baxın, quşlar cəh-cəh vurur, adamı darıxmağa qoymur, əhval-ruhiyyəsini dəyişir. Yəqin gecəsi daha səssiz olar” dedim.

Bayaqdan məni müşayiət edən və çoxsaylı, bir qədər də sadəlövh suallarıma cavabı qızırqanan hərbi qulluqçumuz narahat, bir az da qətiyyətlə “Əksinə, buranın gecələri daha səs-küylü olur” deyib yarısı dağıdılmış iri darvazanın düz qarşısında dayandı.

Yağışdan sonra yaranan gölməçəyə düşən əksinə baxa-baxa “Burada gecələr eşitdiyim səsləri ömrümün axırınadək unutmayacam. Başa düşürsüz, heç kimə izah da edə bilmirəm e. İndi deyəcəksiniz ki, daş-divarın arasında qalmaqdan havalanıb yəqin. Amma, vallah, bu, belə deyil. Gecələr buradan elə vahiməli səslər gəlir ki, adam az qalır divarları yumruqlasın” deyib duruxdu.

Yalnız bu an harada olduğumun əməllicə fərqinə varıb “Yəqin işgəncə görən qız-gəlinlərin, oğul-uşaqların harayıdır. Təbii, hamımız bunu hiss edirik” deyəndə sözümü kəsdi. Qaradinməz gənc qalın qara qaşlarını çataraq “Yox, kişilərin iniltisinə, bağırmamaq üçün səslərini boğmaqlarına, ağrıdan, əzabdan hayqırmağa oxşayır” deyib məni varımdan yox elədi. Bu an onun dağ günəşindən yanmış üzündəki xırda gözlərinin, onların içindəki hiddət və kədərin böyüklüyünü kəşf etdim.

O, bizi müşayiət üçün yenidən önə keçdi, biz də arxasınca...

 

Heyrət içində

 

Fotoqrafımız Həbib fotoaparatını işə salalaraq özünəməxsus yanğı ilə “Cənnətin cəhənnəmi belə olurmuş, yəqin” deyib ilk kadrı “tutmaq” üçün bir gözünü qıyıb, aparatını üzünə yaxınlaşdırdı.

Aman Allah, haqlı idi, bayaqdan min bir gözəl sözlərlə vəsf edib, əzəmətinə məftun olduğumuz Şuşanın, cənnətməkanın cəhənnəmidir bura. Adı gələndə sümüklərin sızıldayıb, əsəblərin tarıma çəkildiyi Şuşa həbsxanası.

O həbsxana ki, orada yüzlərlə azərbaycanlı verilən işgəncələrdən, gördükləri qeyri-insani münasibətdən, ağrının şiddətindən, məruz qaldıqları zülmün miqyasından hər günü, Allahın verdiyi hər günü ondan ölüm diləməklə keçiriblər.

Əsir qız-gəlinlərimiz hər an özlərinə qəsd etmək üçün planlar qurublar. İgid Vətən oğullarımız dözülməz fiziki və mənəvi işgəncələrə tablaşmayaraq, əl-qolları bağlı ola-ola naqis düşmənin üzərinə atılıblar. Beləcə səngərdə igidlik nümayişlərini, girovluqda, doğma vətəndə düşmən əsirliyində də davam etdiriblər. 

 

“Mən yazacam”

 

Şuşaya hələ yola düşməmişdən demişdim ki, mütləq ora da baş çəkəcəyəm. Çünki Birinci Qarabağ müharibəsində əsir, girov götürülmüş soydaşlarımızın zaman-zaman eşitdiyimiz xatirələrində lənətlənmiş bir yer də vardı – Şuşa həbsxanası...

Düzdü, sonra ani tərəddüd də etdim. Hazır deyildim bəlkə də. Məsələn, əsirlikdən qurtulanların xatirələrində təsvir etdikləri işgəncə kameralarını, cəza mexanizmlərini, daş-qalaq yerlərini görmək mənə ağır gəlirdi. Məhz bu an içimdən bir sızıltı keçdi. Əl-ayağım uyuşdu, dodaqlarım əsdi. Sonra özümü toplayıb, yol yoldaşımız olan digər həmkarıma qətiyyətlə “Oradan reportajı mən yazacam” dedim. Razılaşdıq və Şuşa həbsxanasına aparan daş döşəməli yolla ayağımızdan daş sallanıbmış kimi ağır-ağır üzüaşağı endik.

Müvafiq icazədən, nəzarətçilərlə dialoqdan sonra çəkiliş ilə gəzintiyə şərait yaradıldı.

 

“Özləri ilə daş gətirirdilər”

 

Həbsxananın həyətinə daxil olarkən açıq qapılardan gələn kif qoxusu məni qarsıtdı. Özümü o yerə qoymayıb 44 günlük Vətən müharibəsi dövründə top zərbələrindən nisbətən dağılan mühafizə divarlarını göstərib “Sağ ol, əsgər, qisasımızı qiyamətə qoymadın” deyib qəhərləndim.

Bələdçimizin düşmən haqqındakı layiqli təsvir-cavabından sonra sağa, həbsxananın həyətinə burulduq. Giriş hissədəki su hovuzunun, belə demək mümkünsə, gəzinti yerinin yanında özüm qəsdən dayanmadım. Elə bildim arxamızca yenə bir sürü düşmən gəlir. Azərbaycanlı əsir və girovlara tamaşa etmək, söymək, döymək, daşqalaq etmək üçün sıralanıb.

 

Qeyd. “Şuşa həbsxanası 1848-ci ildə çar Rusiyası dövründə inşa olunub. Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir və qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib. Həbsxananın inşası zamanı qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılıb. Şuşa həbsxanasının 99 kamerası olub ki, bunların 96-da dustaqlar qalıb, 3-ü isə cərimə otağı kimi istifadə olunub...”.

 

...1992-93-cü illərdə Şuşa həbsxanasında əsir saxlanılan həmvətənlərimizin qan donduran xatirələrini dinləyəndə məhz bu hissə – “fəvvarənin yanı” dedikləri ərazi yaddaşıma ox kimi batmışdı. Verilən işgəncələr içərisindən ən çox bu alçatma, əzmə, incitmə forması üzmüşdü onları. Keçmiş əsirlərdən biri “Avtobuslarla erməni qadınları, məktəbliləri gəlir və bizi söyməkdən, döyməkdən, daşa basmaqdan zövq alırdılar. Əslində, yerdə daş-kəsək olmurdu. Hər gün özümüzə təmizlətdirirdilər. Amma mənə maraqlı gəlirdi ki, bu uşaqlar, yaşlı qadınlar daşları haradan çıxardıb atırlar. Sonra öz aramızda danışarkən bildik ki, özləri ilə gətirirlər. İndiyə qədər mənə ağrı verən məhz o hissdir. İnsan nə qədər xəstə və nə qədər azğın olmalıdır ki, köməksiz adamı vurmaq üçün cibində, çantasında daş gəzdirsin” demişdi.

Həbsxananın saxlama yerlərindən – daş yığını müxtəlif təyinatlı tikililəri önündən ötərkən torpaq sahəsi – çəpərlənmiş ərazi diqqətimi cəlb etdi. Yamyaşıl, gözoxşayan sahəyə keçdim. Yaşıllığın düz ortasında bir topa lalə açmışdı. Alqırmızı lalələrin ləçəkləri xəfif mehin təsirindən bir-bir qopub otlara toxunurdu. Bütün bu gözəlliyin – mavi səmanın altındakı yaşıl ilə qırmızının harmoniyasında yenə qanım qaraldı, əhvalım təlx oldu. Mənə elə gəldi ki, məhz bu lalələr zamanında bağrı qan olub, bütün əzaları bir-birindən ayrılacaq qədər dözülməz ağrılara tablaşan adamların ürək, göz rəsmləridir.

Lənət şeytana, yenə yanılmamışdım. Bir-iki addım arxaya gedəndə ağzıaçıq betonlanmış dərinlik diqqətimi çəkdi. Qeyri-ixtiyari müşayiətçimizə baxdım. Bu dəfə bir-birimizi sözsüz anladıq. Düz təyin etmişdim, bu yaşıla bürünmüş torpağa zamanında çox qan axmış, erməni nəzarətçilərin əyləncə yeri olan bağçada çox canlara qıyılmışdı...

 

Bacasız kamera, qaranquş yuvası, gülü qurumuş dibçək

 

İşğal illərində əsir və girovların saxlanıldığı kameraların olduğu tikiliyə daxil oluruq. Zülmətdən bir cüt qaranquş pırıltı ilə çölə uçur.

Dəhliz boyu yerə tökülən əşyalara ilişə-ilişə irəli tələsirik: top zərbəsinin qalın mühafizə divarının küncündə açdığı kiçik dəlikdən şığıyan günəş işığının altına. Yalnız bu zaman hamımız dərindən nəfəs aldıq. Qəribədir, həm də eyni vaxtda başımızı qaldırıb, nəzərlərimizi işıq nöqtəsinə zillədik. Gözünü qıyan hərbçimiz “Bizim əsirləri məhz burada, bu soyuq və qaranlıq yerdə saxlayıblar, əclaflar. Düzdü, bura onsuz da soyuq olan yerdir. Amma bir zərrə işığın, havanın olmadığı yerdə insan saxlamaq olar?” deyib qeyri-ixtiyari cavab gözləyirmiş kimi üzümüzə baxdı.

Haqlı idi, qalınlığı 70 santimetr, bəzi yerlərində isə 1 metr olan buz tutmuş divarlarda insan çətin isinər. Həmin gün Şuşa günəşinin daha səxavətli olmasına rəğmən,  üşüdüm. Çiyinlərimi çəkib telefonun işığında divarlara tamaşa eləməyə başladım. Bir zamanlar günahsız azərbaycanlı əsir və girovların qanlarının yaxıldığı divarlarda indi başqa izlər var idi. Cəsur Azərbaycan əsgərinin əl izləri. Azərbaycanın hər bölgəsinin, hər şəhərinin, hər mahalının adı, o torpaqlarda yetişən yenilməz oğullarının adları bəzəmişdi divarları...

Uzun dəhlizin solundakı kameralardan birinə daxil olduq. Dağılmış otaqdakı su kranının yanında bir dibçək diqqətimi çəkdi. Gülü çoxdan quruyan qaba solan ümidlərini sığdırmağa, bununla onlara can verməyə çalışan insanı gözümdə canlandırmaq istədim. Amma bacarmadım, daha doğrusu, buna macal tapmadım.

Nəfəsim kəsilirdi. Özümü dəhlizə atdım, ağır dəmir qapını da qeyri-ixtiyarı arxamdan çırpdım. Bilmirəm niyə, amma mənə elə gəldi ki, məhz bu kamerada saxlanılıb namusuna xələl gəlməsin deyə canına qıyan Dilavərimiz, Sonamız, Yaqutumuz...

 

Könüllü məhbus

 

Bir neçə dəqiqənin içində həbsxananı əzab içində dolaşdım. Dolaşdıqca da düşmənə kinim birə-beş artdı. Gözlərim önünə əzab çəkən məsum üzlər, yaşlı gözlər, pərişan saçlar gəldi. Özümdən asılı olmayaraq, bayaqdan divarlara sürtməkdən toz-torpaq olmuş əllərimi qulaqlarıma apardım. Harayı Şuşa dağlarında cingildəyən qadınların səsini eşitməmək, körpələrin qışqırtısını duymamaq üçün ovuclarımla qulaqlarımı tıxadım. Elə bildim başım çatlayacaq, bəbəklərim çuxurundan çıxacaq.

Özümü çölə nə vaxt atdığımı xatırlamıram. Nəfəsimi dərib, bələdçimizin arxasında digər korpusun həyətinə keçdim. Sonuncu bina idi. Həbsxana rəhbərliyinin özləri üçün düzəldikləri xidməti otaqlar buradaydı. İçəri girmək istəyəndə ayağıma nə isə ilişdi. Əyilib baxanda tapdalanmış erməni hərbçi papağı olduğunu görüb, dikəldim. Dabanımı yerə bərk basıb, tapdaladım. Ürəyim soyumadı, təpiklə görünməz yerə – taxta yığınının arxasına atdım. Beləcə, onlardan qalan sonuncu izi də belə itirmək istədim. Bu an gözüm dəmir-dümürün qalaqlandığı yerə atılmış tikiş maşınına sataşdı. Öz-özümə “Bunun burda nə işi var” sualını verdim. Bələdçimiz “Əclaflar, illər ərzində bizim evlərimizi bir-bir gəzərək, əllərinə keçənləri siçovul kimi daşıyıblar. Yəqin bu da onlardan biridir”  deyəndə köhnə tikiş maşınına tərəf getdim, tozunu silib, arxasındakı dairəvi dəmir qapağa baxdım. O maşından nənəmdə də var idi. Əksər qadınlar məhz həmin kiçik lövhəyə adlarını yazdırırdılar. Bunu bildiyimdən tez paslanmış dəmiri çevirdim. Nə isə qeyd var idi, amma oxuya bilmədim, daha doğrusu, cəhd eləmədim, lap doğrusu, istəmədim...

 

Bir dualıq

 

“Allah kimsəni bağlı qapılar arxasında, çarəsiz qoymasın” deyib geriyə – gəldiyimiz əsas girişə yaxınlaşdım.

Kitablardan, internet portallarından haqqında az-çox məlumat olan bu tarixi tikiliyə, yaddaşımızda qara yaraya dönən Şuşa həbsxanasına bir də kənardan boylandım. Onlarla həmvətənimizin əsirlik zamanı başlarına gətirilənlər, qürurlarına sığışdırıb, dillərinə gətirə bildikləri, qiyamətə qədər unutmayacaqlarını yaddaşımın o üzündə qoymaq üçün həbsxananın həyətinə bir də göz gəzdirdim. Su kranına yaxınlaşıb əl-üzümü yudum. Beləcə, üz-gözümə hopan kədərin kirini çıxarmağa çalışdım. İstədim qapıdakı qalib Azərbaycan əsgərləri, həbsxana divarlarından aşağıda – “sülhməramlı çətiri altına” sığınıb hələ də bizə qarşı düşmənçiliyindən qalmayanların mövqelərini bir an belə nəzarətsiz qoymayan igidlərimiz məni qəmgin, bitkin görməsinlər. Hə, xalqımızın bir də “Ay dost, vay düşmən” sözü də var, axı. Bunu yadıma salıb yağı tərəfə qanrılaraq, qalib ədası, böyük qürur ilə gülümsədim...

Həmidə Nizamiqızı
Foto: Həbib Hüseynov