Yeni təsis olunan birliyin toplantısına gələn il Şuşa ev sahibliyi edəcək

 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Türkiyənin UNESCO üzrə Milli Komissiyası və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 26-28 may tarixində Bursada “Türk dünyası muzeylər görüşü” keçirilib.

TÜRKSOY-un təşəbbüsü ilə 2013-cü ildən keçirilən ənənəvi toplantıya bu dəfə 2022-ci ilin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursa ev sahibliyi edib. “Türk dünyası muzeylərində qeyri-maddi mədəni irs” mövzulu görüşə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr, Rusiya Federasiyasının Tuva və  Tatarıstan respublikaları, eləcə də Serbiya, Makedoniya, Macarıstan, Əfqanıstan və  İraqdan muzey mütəxəssisləri və rəhbərləri qatılıblar.

Tədbirdə ölkəmizi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Mədəniyyət Nazirliyi Muzey və daşınar mədəni irs sektorunun aparıcı məsləhətçisi Kənan Hüseynov təmsil ediblər.

Toplantıda müxtəlif ölkələrdən muzey rəhbərləri və mütəxəssislərin ümumilikdə 50-dən çox məruzəsi təqdim edilib. Şirin Məlikova “Azərbaycan Milli Xalça Muzeyində Türk dünyasının ortaq mirası olan xalçaçılıq sənətinin yaşadılması və tanıdılması” mövzusunda çıxış edərək, iştirakçılara ölkəmizin xalçaçılıq sənəti və muzeyin fəaliyyəti haqqında məlumat verib.

Türk dünyası ölkələri arasında muzeyşünaslıq sahəsində qarşılıqlı məlumat mübadiləsi, təcrübə mübadiləsi və əməkdaşlığı təmin etmək məqsədilə təşkil edilən görüşdə TÜRKSOY Muzeylər Birliyinin yaradılması istiqamətində də mühüm addım atılıb. Tədbirin son günündə TÜRKSOY Muzeylər Birliyinin təsis toplantısı olub.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Muzeylər şöbəsinin müdiri, Beynəlxalq Muzeylər Şurası (İCOM) Türkiyə Milli Komitəsinin sədr müavini Bülent Gönültaş TÜRKSOY-un bu təşəbbüsünə hər cür dəstəyi verməyə hazır olduqlarını bildirib. O, birliyin koordinatorluğunun cari il üçün Türkiyə tərəfindən həyata keçirilməsini, 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilmiş Şuşa şəhərində keçiriləcək növbəti iclasda Azərbaycan Mədəniyyət Nazirliyinə təhvil verilməsini təklif edib. Birliyə koordinatorluğun növbə ilə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” missiyasını qəbul edən ölkələr tərəfindən davam etdirilməsi təklifi də razılıqla qarşılanıb.

Toplantının sonunda razılaşdırılan məsələlər bəyanat şəklində hazırlanaraq iştirakçıların imzasına təqdim edilib. TÜRKSOY Muzeylər Birliyinin növbəti toplantısının 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Şuşa şəhərində keçirilməsi qərara alınıb.