Kitab ictimai-mədəni və ədəbi fikrimizin görkəmli simalarının tanıdılması məqsədi daşıyır
Xəbər verildiyi kimi, 26-28 may tarixində Bakı Dövlət Universitetində (BDU) I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib.
Festival Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Bakı Dövlət Universiteti, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi, Yunus Əmrə İnstitutu, İLESAM və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə baş tutub.
Mayın 27-də festival çərçivəsində Türkiyədə nəşr olunmuş “Azərbaycan düşüncə tarixi” kitabının təqdimat mərasimi keçirildi.
Kitab Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) dəstəyi ilə işıq üzü görüb. Türkiyə türkcəsində hazırlanan nəşr Karabük Universitetinin professoru Ələsgər Ələsgərlinin (Ali Asker) elmi redaktorluğu ilə azərbaycanlı alimlər tərəfindən ərsəyə gətirilib.
Təqdimat mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirdi ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı iki ölkə arasında əbədi dostluğun və qardaşlığın strateji yol xəritəsidir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. 2021-ci ilin 15 iyununda azad Şuşada ölkələrimiz arasında imzalanan “Şuşa Bəyannaməsi”nin Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına, strateji müttəfiqliyinə ucaldılmış ən böyük abidədir.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Türkiyə və Azərbaycan qardaşlığının “Şuşa Bəyannaməsi” ilə daha da gücləndiyini, iki ölkə arasında tarixi, mədəni, siyasi, ədəbi bağların daha da möhkəmlənməsi üçün ziyalıların üzərinə böyük məsuliyyət düşdüyünü dedi. Bu baxımdan “Azərbaycan düşüncə tarixi” kitabını yüksək qiymətləndirən səfir Türk dünyasının önəmli şəxsiyyətlərinin də Azərbaycanda tanıdılmasının zəruri olduğunu bildirdi.
Təhsil nazirinin müavini Muxtar Məmmədov BDU-da keçirilən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Türkiyə ilə Azərbaycan arasında yalnız ədəbi, mədəni əlaqələri deyil, eyni zamanda mənəvi, tarixi bağları daha da möhkəmləndirdiyini qeyd etdi.
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak etməkdən məmnunluq duyduğunu vurğuladı. Təqdimatın Bakıda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı günlərinə təsadüf etdiyini qeyd edən nazir bildirdi ki, müasir dövrdə siyasət, iqtisadiyyat, təhsil, mədəniyyət və bir çox sahələrdə birlikdə addımlamağımız qardaşlığımızın göstəricisidir.
Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) rəhbəri Abdullah Eren idarə tərəfindən hazırlanan və 2 cilddən ibarət “Azərbaycan düşüncə tarixi” kitabının iki qardaş ölkənin gənclərinin tariximizi daha dərindən öyrənməsi və təbliği baxımından əhəmiyyətini qeyd etdi.
Karabürk Univesitetinin professoru, kitabın redaktoru və həmmüəllifi Ələsgər Ələsgərli nəşr haqqında ətraflı söz açdı. Bildirdi ki, bütün Türk dünyası “Azərbaycan düşüncə tarixi”ndən xəbərdar olmalı və ondan bəhrələnməlidir. Kitab da bu niyyətlə ərsəyə gətirilib.
Rəsmi hissədən sonra təqdimat panel iclasla davam etdi. Kitabda məqalələri yer alan müəlliflərdən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov və tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın çıxışları dinlənildi.
Qeyd edək ki, “Azərbaycan düşüncə tarixi” kitabında Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Mirzə Bala Məhəmmədzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əhməd Cavad, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi şəxsiyyətlərin düşüncə dünyaları, tarixi xidmətləri maraqlı detallarla oxuculara çatdırılır.
Kitaba Türkiyə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tərəfindən ön söz yazılıb.
Lalə